Siyasət

Prezident İlham Əliyev İraqın Baş nazirinin müavinini qəbul edib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla xatırladı, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirildi.

Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirdi, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.

Oxşar Xəbərlər

Back to top button