
Dar günündə imdadına çatan, xoş gününə sevinəndi qardaş. Bəzən dövlətlər arasında da qardaşlıq olur. Necə ki, Pakistan Azərbaycan arasındakı möhkəm, tarixi köklərə sahib olan qardaşlıq var. Bizi Pakistan dövləti ilə yaxınlaşdıran çox amillər var. Bunlardan ən əsası müsəlman ölkələri olmağımız və Pakistan ərazisində qədim dövrdən türk xalqlarının yaşamasıdır. Pakistan dövləti müstəqillik qazandıqdan sonra müsəlman türk dövlətləri ilə bir mənalı şəkildə qardaşlıq etmişdir. Bəli, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Və bir qardaşa yaraşan hərəkət olaraq Pakistan Azərbaycan xalqının düşmənini də özünə düşmən bilmişdir. Pakistan Ermənistanı müstəqil dövlət kimi qəbul etməmiş və İrəvanda səfirlik açmamışdır. Təsadüfü deyil ki, 1993-cü il aprel ayında Kəlbəcər rayonunun işğalından sonra BMT tərəfindən qəbul olunmuş 822 saylı qətnamə zamanı Pakistan BMT-yə sədrlik etmişdir. Pakistan Xocalı soyqırımını tam səviyyədə qətliam kimi tanımış ölkədir. II Qarabağ müharibəsi zamanı da siyasi cəhətdən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən oldu Pakistan. Bəli, istər Azərbaycan, istər Pakistan qarşılıqlı olaraq hər zaman qardaşlıq etmişdir. Prezidentimizin Pakistana səfəri bu ölkə ilə qardaşlığımızın daha da möhləmlənəcəyini və daim olacağını göstərdi. Ali baş komandanımızın Pakistana səfəri zamanı Pakistan dövlətinin yüksək jesti gözlərimizdən yayınmadı. Bəli, dövlət başçımızla, yüksələn dövlətimizlə qürur duyduq. Pakistan Hava yollarının Azərbaycan Prezidentinin təyyarəsini qırıcılarla əhatə etməsi, dövlət rəsmilərinin yüksək səviyyədə qarşılaması Pakistan kimi Nüvə dövləti olan, Şanxay Əməkdaşlıq təşkilatınının üzvü olan, ordusu ilə dünyada öndə gedən bir dövlətin xalqımıza, prezidentimizə göstərdiyi dəyər əsl qardaşa yaraşdı. Bu qarşılanma Ali Baş Komandanımızın xarici siyasətinin yüksək səviyyədə olduğunu bir daha göstərmiş oldu. Görüş zamanı Azərbaycanla Pakistan arasında hava yollarında, mədəni sahələrdə, elm və texnologiya sahəsində, iqtisadi sahələrdə sazişlər imzalandı. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanat zamanı Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu qeyd etdi: “- Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur”.
Bundan başqa İlham Əliyev çıxışı zamanı Pakistanla genişlənəcək hər tərəfli əlaqələrdən də danışmışdır: “ Sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaqdır.İlkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub. Lakin bu, yalnız başlanğıcdır. Hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.”
Pakistan Prezidenti Asif Əli Zərdari COP29a ev sahibliyi edəcəyinə görə də Prezidentimizi təbrik etdi. Dövlətimizin başçısı da öz növbəsində Pakistan prezidentini COP29a dəvət etdi. Tarixi baxımdan çox əhəmiyyətli olan görüşlərdən biri kimi bu görüş də tariximizə yazıldı.
Səmayə Nəcəfova,
Xəzər rayonu, 322 N-li məktəbin müəllimi