Analitika

Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət

(16 mart 2023-cü ildə Ankarada keçirillən “Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə Toplantısı haqqında.)

İlk öncə qeyd edim ki, Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının Ümum Milli Lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını (və ümumən dünyanı!) əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdir ki, buraya əsasən aşağıdakılar daxildir:

Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək;

Türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək;

Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.

Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin — Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir… Bu müraciətdə türklük düşüncəsinin ən azı üç tarixi əlaməti əks olunur:

1) ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması;

2) türk (və ümumən müsəlman) dünyasının birliyinə çalışması;

3) həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi ideyasının müdafiəsi.

“Vətən nə Türkiyədir türklərə, nə Türküstan,

Vətən – böyük və mühəbbəd bir ölkədir, Turan.” (Ziya Göyalp)

Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılmışdır. Onun dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Sammitdə Özbəkistan təşkilata tamhüquqlu üzv kimi qoşulub. Macarıstan 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən 6-cı Zirvə Toplantısı zamanı təşkilatda müşahidəçi statusu alıb. Bu yaxınlarda isə 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan təşkilata Müşahidəçi üzv kimi qoşulub.

Türk Dövlətləri Təşkilatı Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsipləri, digər beynəlxalq tanınmış prinsiplər, suveren bərabərlik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin qorunması və üzv dövlətlər arasında mehriban qonşuluq, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı da daxil olmaqla beynəlxalq hüquq normalarına sadiq beynəlxalq təşkilatdır.

Türk Dövlətləri Təşkilatı sülh və sabitliyin gücləndirilməsi, üzv ölkələr arasında geniş əməkdaşlıq və ümumi inkişaf üçün potensialın açılmasının təşviqinə həsr edilmiş təşkilatdır. Xüsusi ölkələr qrupunu bir araya gətirməsinə baxmayaraq təşkilat eksklüziv yanaşmadan istifadə etmir. Əksinə, Türk dövlətləri arasında dərin əlaqələri və həmrəyliyi təşviq edərək Avrasiya materikində, xüsusən, Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional vasitə kimi xidmət etmək məqsədi güdür.

Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olaraq Türk Dövlətləri Təşkilatı özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat Üzv Dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevirmək niyyəti daşıyır.

Həmçinin Türk Dövlətləri Təşkilatı yalnız Üzv Dövlətlər çərçivəsi daxilində özünü məhdudlaşdırmır, regionda, xüsusilə, nəqliyyat, gömrük, turizm və s. sahələrdə sülh və sabitliyin təmin edilməsi məqsədilə qonşu dövlətlər ilə əməkdaşlıq edir.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası, Türk Universitetləri Birliyi və Türk Ticarət və Sənaye Palatası kimi təşkilatlar tərəfindən dəstəklənir.

Azərbaycan, Türk Dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan türk dövlətləri ilə hərtərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü təşkil olundu.

“Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 16 mart 2023-cü ildə Ankarada keçirildi.

İclasa Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi etdi və iclasda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Zati-aliləri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri Ersin Tatar, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Omuraliev iştirak etmişlər.

Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə tarixi çıxış etdi:

“Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub.”

“Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.”

“Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.”

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.

“Müttəfiqlik xarakterli əlaqələr. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

– Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.”

“Ey türklüyün nişanəsi, yüksəl səmalərə

Yüksəl, səninlə yüksələcəkdir əməllərim,

Yüksəl, başın təmas eləsin ərşi-əkbərə,

Yüksəl, hüzuri-həqqə irişsin əməllərim,” (Əlabbas Müznib)

“Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.”

“Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir”.

“30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”

“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır”.

“Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır”.

“Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır”.

“Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır”.

“2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”.

“Nadir və misligörünməmiş yenidənqurma modeli. Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası başlanıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur”.

“Qardaşlıq jesti. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur”.

“Tanrı dağı qədər Türk, Hira dağı qədər müsəlmanıq” (Alparslan Türkeş)

“Əməkdaşlıq əlaqələri şaxələnir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır”.

“Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”.

“Ey türk! Kükrə, özünə dön,

sən özünə dönəndə böyük olursan.” (Bilgə Xaqan)

“Türk dünyasının coğrafiyasına müdaxilə faktı. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur”.

“Deportasiya siyasətinin fəsadları. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur”.

“Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.

“Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar”.

“Qayıdış Konsepsiyasının siyasi əhəmiyyəti. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.

“Qarşılılıq prinsipi. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.”

Uca Tanrı türkü dünyaya adalət və istikdar  yaratması üçün göndərdi. Nə mutlu türküm diyənə. Yaşasın Turan elləri, yaşasın büyük turan birliyi!

Mürsəl Mürsəlov,
Azərbaycan Republikası Səhiyyə Nazirliyi,
Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Oxşar Xəbərlər

Back to top button