
Müasir dünyada sülhün qorunması, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, dini və mədəni müxtəlifliyin düzgün dəyərləndirilməsi bəşəriyyət qarşısında dayanan mühüm vəzifələrdəndir. Müharibələrin, siyasi qarşıdurmaların, ayrı-seçkiliyin və qarşılıqlı anlaşılmazlığın artdığı bir şəraitdə dialoqun əhəmiyyəti daha da yüksəlir. Belə bir zamanda müxtəlif sivilizasiyaların nümayəndələrini bir araya gətirən beynəlxalq platformaların fəaliyyəti xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilən forum Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlər arasında körpülərin qurulması və qlobal problemlərin müzakirəsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti təzahürüdür. Prezident İlham Əliyev çıxışında ölkəmizin multikulturalizm ənənələrini, milli birliyin əhəmiyyətini, beynəlxalq hüquqa hörmətin vacibliyini, münaqişələrin həlli və davamlı sülhün təmin olunması məsələlərini geniş şəkildə diqqətə çatdırmışdır. Azərbaycanın coğrafi mövqeyi tarixən onu Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanlardan birinə çevirib. Əsrlər boyunca müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri bu torpaqda yaşayıb, öz ənənələrini qoruyub və ümumi ictimai həyatın inkişafına töhfə veriblər. Bu tarixi təcrübə müasir Azərbaycan cəmiyyətinin mənəvi zənginliyinin əsas mənbələrindən biridir.
Prezident İlham Əliyev forumdakı çıxışında vurğulamışdır ki, ölkəmizdə müxtəlif etnik qrupların və dini icmaların nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdirlər. Cəmiyyətdə hökm sürən qarşılıqlı hörmət, anlaşma və həmrəylik Azərbaycanın sabit inkişafının mühüm amillərindəndir. Bu yanaşma multikulturalizmin yalnız nəzəri anlayış olmadığını, gündəlik həyatda və dövlət siyasətində öz əksini tapdığını göstərir. Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan müxtəlif xalqları vahid dövlətçilik və milli maraqlar ətrafında birləşdirən mühüm mənəvi dəyərdir. Bu ideya hər bir vətəndaşın mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü kimi hiss etməsinə, ümumi məqsədlər naminə fəaliyyət göstərməsinə xidmət edir. Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq sahəsində həyata keçirdiyi təşəbbüslər ardıcıl və məqsədyönlü xarakter daşıyır. 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatları, dini icmaları və vətəndaş cəmiyyətini ümumi məsələlərin müzakirəsi ətrafında birləşdirən mühüm platformaya çevrilib. 2011-ci ildə ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi isə bu təşəbbüsün beynəlxalq miqyasda inkişafına yeni imkanlar yaradıb. 2026-cı ildə təşkil olunan VII Forumun miqyası bu platformaya göstərilən marağın artdığını təsdiqləyir. Tədbirə 100-dən artıq ölkədən 500-dən çox xarici qonaq olmaqla, ümumilikdə 2000-dən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstəricilər dialoq və əməkdaşlıq məsələlərinin beynəlxalq ictimaiyyət üçün nə qədər vacib olduğunu aydın şəkildə ortaya qoyur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən biri milli-mənəvi dəyərlərin, ana dilinin, tarixi yaddaşın və mədəni irsin yaşadılması olub. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yalnız iqtisadi və siyasi inkişafla məhdudlaşmır. Bu proses, eyni zamanda, milli özünüdərkin gücləndirilməsini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini və cəmiyyətin mənəvi birliyinin qorunmasını tələb edir. İdeoloji təhlükəsizlik məsələsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xarici təsirlərə qarşı dayanıqlı cəmiyyət formalaşdırmaq üçün milli tariximizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi dərindən bilmək vacibdir. Bununla yanaşı, dünyaya açıq olmaq, başqa xalqların mədəniyyətinə hörmətlə yanaşmaq və müasir biliklərə yiyələnmək də mühüm şərtdir.
Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsini tələb edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər icra edilməməsi beynəlxalq qərarların yerinə yetirilməsi mexanizmlərinin nə qədər vacib olduğunu göstərir. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Prezident İlham Əliyev çıxışında bu nəticəni beynəlxalq hüquqa əsaslanan tarixi ədalətin bərpası kimi qiymətləndirib. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması regionda yeni münasibətlər mərhələsinin formalaşması baxımından əhəmiyyətli hadisə olub. Azərbaycanın irəli sürdüyü sülh yanaşması gələcək nəsillərin müharibə və qarşıdurma deyil, təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşamasına yönəlib.
Prezident İlham Əliyev çıxışında müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlərə, ölkəmizin iqtisadi potensialına və beynəlxalq münasibətlər sistemində artan roluna da diqqət yetirib. Azərbaycan müstəqil xarici siyasət yürüdərək müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur, regional və beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Azərbaycanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika əlaqələrinin inkişafında oynadığı rol onun regional əhəmiyyətini artırır. Müasir infrastruktur, əlverişli coğrafi mövqe və qonşu ölkələrlə əlaqələrin inkişafı ölkəmizin beynəlxalq nəqliyyat marşrutlarında mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunu yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfə, müxtəlif beynəlxalq platformalara ev sahibliyi etməsi və sülh təşəbbüsləri də bu nüfuzun mühüm tərkib hissəsidir.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



