
28 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Qırılı kənd” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətinə də xüsusi diqqət yetirildi. 1992-ci ildə ölkənin ağır siyasi, sosial və hərbi böhran yaşadığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılan partiya, əslində, cəmiyyətin siyasi iradəsinin ifadəsi idi. Həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və gələcək inkişaf perspektivləri ciddi təhlükələrlə üz-üzə qalmışdı. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, idarəçilikdə ciddi problemlər yaşanır, torpaqlarımız bir-birinin ardınca işğal edilirdi. Belə bir mürəkkəb şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, güclü dövlətçilik və milli maraqlara əsaslanan siyasi kursa ehtiyacının təzahürü idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ətrafında birləşən insanlar Azərbaycanın gələcəyinə inamı qoruyub saxladılar və ölkənin sonrakı inkişafında mühüm rol oynayan siyasi təşkilatın əsasını qoydular.
Daha sonra çıxış edən natiqlər – Qırılı kənd tam orta ümumtəhsil məktəbin müəllimləri Günel Seyidova və Gülər Abbaslı bildiriblər ki, Yeni Azərbaycan Partiyasının siyasi tarixində ölkənin müasir inkişaf yolu ilə dövlətçilik tarixinin mühüm mərhələləri bir-biri ilə sıx bağlıdır. Partiyanın yaradılması ilə başlayan siyasi proses sonrakı illərdə dövlətin möhkəmlənməsi, milli maraqların qorunması və Azərbaycanın güclü, nüfuzlu dövlətə çevrilməsi istiqamətində mühüm nəticələrlə müşayiət olunub. Bu mənada, YAP-ın VIII Qurultayı Azərbaycanın keçdiyi şərəfli yolun, əldə etdiyi tarixi Zəfərlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən siyasi kursun təqdimatı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxışı bu yolun əsas mərhələlərini bir daha xatırlatmaqla yanaşı, dövlətçilik xəttinin davamlılığını, milli həmrəyliyin gücünü və Azərbaycanın gələcəyə inamla irəliləməsini təmin edən siyasi iradəni nümayiş etdirir.







