Orta Dəhliz Türk dünyasının birliyini daha da möhkəmləndirir

Dünyada baş verən son hadisələr, münaqişə və müharibələr fonunda Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Orta Dəhliz 2014-cü il fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə Ukrayna, Rumıniya və Polşanın da layihəyə qoşulması nəticəsində iştirakçıların sayı çoxalmışdır. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz dünyada əlverişli coğrafi mövqe baxımından əsas tranzit ölkələr kimi Avropa və Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Orta Dəhlizin ən vacib üstünlüklərindən biri, ilk növbədə, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipinin tətbiq olunmasıdır. Dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropa, eləcə də Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini məhz Orta Dəhlizə yönəldir. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq getdikcə genişlənir. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayır.
Hazırda Rusiya-Ukrayna arasında baş verən müharibə səbəbindən Şimal dəhlizi üçün ciddi təhdidlərin yaranması yükdaşımaların sayını məhdudlaşdırıb. Sözügedən müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür. Həmçinin, Rusiyadan keçən marşrutlarda təhlükəli şərait yarandığından Şimal dəhlizinə maraq və diqqət azalıb. Belə bir məqamda dünyada Orta Dəhlizə olan tələbat daha da artıb. Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınır. Ölkəmiz Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Burada ən vacib amillərdən biri də respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub dəhlizinin keçməsidir. Hər iki dəhliz üzərindən keçən yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb, daşımaların həcmi isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, bu sahədə Zəngəzur dəhlizinin əhəmiyyəti də olduqca böyükdür. Bu marşrut vasitəsilə yükdaşımalar Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanır. Yəni nəqliyyat bağlantısı vasitəsilə Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, həmçinin Orta Dəhlizə inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri daşımaq imkanları daha da böyüyəcək. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, eyni zamanda, ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı