Analitika

Ölkəmizin son illərdə dünya arenasında tanınması ilə bağlı beynəlxalq münasibətlər müstəvisində ciddi addımlar atılır

Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə təbii qazı və Cənub Qaz Dəhlizi ilə əhəmiyyətli töhfə verən ölkədir. Bu dəhliz enerji böhranı zamanı tərəfdaşlarının enerji təchizatını diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiqləyib.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Eyni zamanda, “yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Strateji hədəfli bu fikirlər, təbii qaz və “yaşıl enerji”yə bərabərhüquqlu yanaşma enerji ölkəsi Azərbaycanın yeni mərhələdə inkişaf manifestidir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb:

“Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır”.

Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button