Ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub

Çoxəsrlik ortaq tarix və mədəniyyətin varisləri olan müstəqil Azərbaycanla İran İslam Respublikası arasında münasibətlər ötən 3 onillikdə hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin son 20 ildə uğurla davam etdirdiyi ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub. Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir. Müstəqil Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar sadəcə, səsləndirildiyi qədər də asan bir iş deyil. Bu məsələ elmi əsaslarla təhlillər və araşdırmalar tələb etsə də bu nəhəng işin özəyində əsas bir amil dayanır: Müstəqilliyimizin memarı ümummilli lider Heydər Əliyevin dövlətçilik, dövləti idarəetmə təcrübəsi, dünya siyasətinə peşəkar baxa bilmək qabiliyyəti, qeyri-adi rəhbərlik istedadı, dünyada fenomen bir şəxsiyyət kimi qəbul edilməsi. Bir sözlə demək olar ki, müasir müstəqil Azərbaycanın gücü və qüvvəsi Heydər Əliyevin idarəçilik və dövlətçilik məktəbinə, ənənələrinə əsaslanır. Sevindirici haldır ki, bu ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha müasir çalarlarla ustalıqla, peşəkarcasına, ayrı-ayrı dövlətlərə nümunə ola biləcək tərzdə və qibtə ediləcək səviyyədə davam etdirilir.
Azərbaycan dünya xəritəsində kiçik bir yer tutsa da ölkəmizə olan marağın miqyası onun coğrafi ölçülərindən qat-qat böyükdür. Dünya ölkələrinin Azərbaycana olan marağının əsasında isə dövlətimizə, xalqımıza hörmət və rəğbət hissləri dayanır.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı