Ölkəmizin beynəlxalq nüfuzu hər gün artır
Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib. Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı. bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı. Təəssüflər olsun ki, on gün əvvəl – avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi.Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneə törədir.Bunun yalnız bir izahı var. Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı