Ölkəmizdəki ordu quruculuğu prossesləri tam peşəkar şəkildə beynəlxalq standartlara uyğunlaşdırılıb

Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Müasir Azərbaycan Respublikasının memarı olan Xalqımızın Ümummilli Lideri Heydər Əliyev, həm də Silahlı Qüvvələrimizin qurucusu idi. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi.
Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı. Nəhayət, Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.
Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: “Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük.. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb – Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı”. Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan əsaslı hərbi-iqtisadi islahatlar nəticəsində ordumuz Cənub Qafqazın ən güclü ordusudur. Bunu 2020-ci ilin 44 günlük Şanlı Vətən müharibəsi təsdiq etdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Komandanlığı ilə, Müzəffər Azərbaycan Ordusu Qarabağımızı və bütün işğal olunmuş doğma torpaqlarımızı azad etdi.
Dövlətimiz Milli Qəhrəmanlara və onların ailə üzvlərinə daim qayğı göstərmişdir. Bu qayğıdan ən yüksəyi prezident təqaüdüdür. Bəzi ailələrin isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərimizə göstərdiyi yüksək diqqət və qayğı, onların sosial qayğılarının həlli istiqamətində həyata keçirilən silsilə tədbirlər təqdirəlayiqdir.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı