Ölkəmizdə medianın inkişafı dövlətin diqqət mərkəzindədir
“Bu gün dünyada mətbuatın inkişafı ilə bağlı maraqlı tendensiyalar müşahidə edilir. Artıq media yeni, müasir dövrə uyğunlaşır. Yəni informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi mediaya da təsirsiz ötüşmür. Əgər 20 il öncə televiziya və kağız mətbuatı üstünlük təşkil edirdisə, bu gün eyni fikri söyləmək çətindir. Günümüzdə əsas güc internet medianın üzərinə düşür. Son illərin yeni tendensiyası hesab olunan sosial media isə ən yeni növ kimi dünyanı bürüyüb”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, günümüzdə demokratik dəyərlərin, pirinsiplərin hansı ölkədə, necə qorunduğunu bilmək üçün həmin ölkələrin media sahəsinə nəzər yetirmək kifayətdir. Yəni bir ölkədə demokratiya, fikir, söz və məlumat azadlığının necə təmin olunduğu, onun necə qorunduğu, inkişaf etdirildiyi mətbuat sahəsində açıq aydın özünü göstərir. Təəssüflər olsun ki, bu gün bir çox ölkələr bu sahədə çox-çox geridə qərar tutub. Düzdür, fikir, söz, məlumat azadlığı, plüralizmin yüksək səviyyədə təmin olunduğu ölkələr də kifayət qədərdir. Bunların sırasında Azərbaycanın da öz yeri və rolu var desək yanılmarıq. Hətta bu gün Azərbaycan fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsi baxımından əksər ölkələrdən, bəzən isə inkişaf etmiş, bəlli zamanlarda dünyaya nümunə kimi göstərilmiş dövlətlərdən irəlidədir desək yanılmarıq:
“Bunnun da əsas səbəbi Azərbaycanda son otuz ildə formalaşan demokratik mühitdir. Məhz bu səbəbdən hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması, jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir. Təsadüfi deyil ki, ölkə başçımız Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı medianın inkişafı ilə bağlı məsələlərə xüsusi toxundu və media nümayəndələrinin qarşısında yeni vəzifələr müəyyən olundu. Bütün bunlar isə şübhəsiz ki yeni dövrdə yeni inkişaf mərhələsini başladacaq və Azərbaycandakı azad mühit bütün dünya üçün nümunə olacaq.