Ölkəmizdə keçirilən Qlobal Bakı Formuna maraq ildən-ilə artmaqdadır
Martın 9-da Prezident İlham Əliyevin himayəsi altında paytaxtımızda növbəti dəfə keçirilən Qlobal Bakı Formu nüfüzlu beynəlxalq platformada aparıcı formlardan birinə çevrilib. Tədbirin keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı olmuşdur ki, bu təşkilat son illərdə qlobal problemlərin həll yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzlərdən biridir. Bu il Forma 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumiyyətlə 61 ölkədən 360-dək nümayəndələrin iştirakına diqqət yetirsək, tədbirə marağın ildən-ilə artığının şahidi ola bilərik. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Prezident çıxışında demək olar ki, çox mühüm məsələlərə toxunaraq Azərbaycanın son illərdəki nailiyyətlərini, o cümlədən əldə edilən uğurları, beynəlxalq təşkilatlarla yüksələn, inkişaf edən münasibətləri, həyata keçirilən qlobal layihələri və İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları dəyərləndirib. “Hazırda sülh üçün vaxt yetişib”, – deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim edib. Prezident vurğulayıb ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və erməni azlığının hüquqları da ölkədəki digər azlıqların hüquqları kimi Konstitusiya ilə qorunacaq. Formda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlar da dəyərləndirilib. İlham Əliyev öncə işğalçı ilə işğala məruz qalan Azərbaycanın fərqini göstərərək qeyd edib ki, “Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik”. Yəni Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və illərlə kağız üzərində qalan qətnaməsinin icrasını həyata keçirərək ərazi bütövlüyünü təmin edib. Yalnız döyüş meydanında qisas alıb.
Forumun panel müzakirələrindən birinin enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunduğunu deyən İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı və ümumilikdə beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb: “Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”.
Forumun mövzusundan da aydın olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Azərbaycan daim dünyaya birlik, həmrəylik çağırışları ilə diqqətdə olub. Göründüyü kimi, artıq onuncu dəfədir toplaşan Bakı Formunda müzakirə edilən mövzular, ortaya çıxan nəticələr intellektual potensialının əhəmiyyətini artırır.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.