Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır.Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Sentyabrın 29-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev İrakli Qaribaşvili ilə görüşündə bildirib ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. “Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda. Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə qeyd edib ki, ölkəsi Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin güclənməsində maraqlıdır: “Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq”.Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir. Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər. Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır. Ölkələr arasında ticarət dövriyyəsi son illərdə daha da artır və hazırda əmtəə dövriyyəsinin həcmi 600 milyon dollardan çoxdur. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 1-ci yerdədir. Azərbaycan Dövlət Neft Şirkəti bu ölkəyə 1,5 milyard dollardan artıq həcmdə investisiyalar yatırıb və Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir. Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir.
Əyyub Əliyev,
YAP-ın fəalı