
Azərbaycan Prezidentinin cari ilin 18 iyul tarixində “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı ölkəmizin qitə üçün önəminin bariz nümunəsidir. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı rəğbətlə və maraqla qarşılandı. Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi: “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir.
Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz təkcə özünün deyil, Cənubi Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.
Murad Zeynalov,
YAP Nizami rayon təşkilatının gənc fəalı