“İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Olimpiya Hərəkatı Vikipediyada” layihəsinin açılış mərasimi keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbirdə birliyin sədri Saleh Bağırov çıxış edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan 2024-cü il üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən bu layihənin əhəmiyyətini vurğuladı. O, layihənin gənclərə verəcəyi fərdi inkişaf imkanlarına da toxunaraq qeyd etdi ki, layihə çərçivəsində Lənkəran şəhərində keçiriləcək təlimlər gənclərə Vikipediya fəaliyyətində, ensiklopedik məqalələrin yazılmasında və media mənbələrində daha aktiv olmağa kömək edəcək. Layihə çərçivəsində toplanacaq biliklər gənclərə gələcəkdə ensiklopedik məlumatları yerləşdirməkdə dəstək olacaqdır.
Layihə rəhbəri və koordinatoru Aida Aslanova öz təqdimatında layihənin ideyası və məqsədlərini iştirakçılara izah etdi. O bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanın Olimpiya hərəkatındakı rolunu, beynəlxalq idman uğurlarını və medalçılarını tanıtmaqdır. Bu mövzuda hazırlanacaq məqalələr 9 dildə – Azərbaycan, rus, ingilis, ispan, fransız, ərəb, fars, erməni və gürcü dillərində Vikipediyada yerləşdiriləcəkdir ki, bu da Azərbaycanın idman nailiyyətlərinin dünya miqyasında daha geniş yayılmasına və tanınmasına imkan yaradacaq.
Layihə çərçivəsində gənclərin bu prosesdə fəal iştirakı ilə ölkədə media resurslarında dəqiq və dolğun məlumatların artacağı gözlənilir. Tədbir iştirakçıları layihənin detalları ilə tanış olduqdan sonra, sonda gənclərin sualları cavablandırıldı və onlar layihənin gələcək fəaliyyətlərinə həvəsləndirildi.
Bu tədbir, ölkədə idmanın inkişafı və Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.