Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir
Azərbaycan beynəlxalq müstəvidə öz sözünü demiş bir ölkə kimi bir sıra tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Çox sevindirici haldır ki, bu tədbirlərə ev sahibliyi edən şəhərlərimiz sırasında Şuşa şəhərimiz də var. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın dilbər guşəsi olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir;
Azərbaycan bu təşkilatın fəal üzvüdür və təşkilatın müsbət fəaliyyətinə həmişə öz töhvəsini vermişdir. İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Bununla yanaşı, ölkəmiz təşkilat çərçivəsində əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir.
Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Biz bunu maksimum şəkildə dəyərləndirməliyik.
2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Bütün bunlar çox sevindirici haldır və tez bir zamanda belə böyük işlər görmək Azərbaycanın iqtisadi gücünün göstəricisidir.
Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradacaqdır. Regionda günü-gündən iqtisadi imkanları genişlənən ölkəmizin gücünü artıq düşmənlərdə qəbul edərək, Azərbaycanın qarşısında dayanmağa cəsarət etmir. Yenilikçi, inkişafa yönəlmiş addımların vaxtında atılması ölkəmizin inkişafının əsas təməl nöktəsi olmuşdur.
Kərimova Sevinc,
Xəzər rayonu, 121№ li məktəbin müəllimi