Analitika

Novruz həm də milli birlik və həmrəylik bayramıdır

Elimizə, obamıza  bahar gəlir. Torpağın oyanışında duyulur baharın gəlişi. Ağaclar tumurcuqlayıb, ərik, alça, badam ağacları çiçək açıb. Çəmənləri bənövşələr bəzəyir. Nə gözəldir bahar, nə xoşdur çiçəklərin ətri …heç bir fəsildə belə gözəl ətir yoxdur. Gəlişi ilə xalqımızın müqəddəs, əziz el bayramını-Novruzu gətirir Bahar. Novruz bayramı baharın, yazın gəlişini simvolizə edən qədim xalq bayramımız olmaqla birlikdə, milli birlik və həmrəylik bayramıdır. Sevindirici haldır ki, bu gün Novruz ölkəmizdə rəsmi-milli bayram kimi qeyd olunur. Novruzun gəlişi təzə ilin köhnə ili yola salması olmaqla bərabər, həm də hər birimiz üçün təzə arzu, təzə ümid deməkdir. Bəlkə elə buna görədir ki, baharın gəlişini hamımız səbirsizliklə gözləyirik. Novruz milli birlik bayramı olmaqla yanaşı, hələ qədim zamanlardan dünya xalqlarının bayramı kimi də qeyd olunub. Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus movsüm nəğmələri yaratmış və bu ənənələr bugünümüzə qədər gəlib çatmışdır. Belə ki, Novruz Cənubi Azərbaycanda, Qafqazda, Mərkəzi Asiyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızıstanda da qeyd edilir. Qeyd edək ki, Novruz bayramının ilk günü İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz, həmçinin, Bəhai təqvimində də ilin ilk günüdür. Kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Elə Novruz çərşənbələri də bu ünsürlər üzərində qurulub. Çərşənbələr hər il Novruz bayramından, yəni, günün bərabərləşməsindən bir ay əvvəl qeyd olunur. Novruzun ən sevimli günlərindən biri də bayram axşamıdır. Ölkəmizdə bayram axşamı xüsusiylə qeyd olunar. Belə ki, qadınlar aş süzər, kişilər həyətdə tonqal qalayar, od üstündən tullanarlar. Qədim inanclara görə, od üstündən tullananlar il boyu qada-bəladan, ağrı-acıdan uzaq olar. Bayram günləri, əsasən, 3 gün davam edər. Novruzun ən gözəl xüsusiyyətlərindən biri də odur ki, insanlar bayram günlərində tənha yaşayan, kimsəsiz və xəstə olanlara baş çəkər, bayramlaşar və ehtiyacı olanlara Novruz sovqatı apararlar. Novruzda küsülülər barışar, təzə ilə yaxşı ovqat, xoş arzularla başlayarlar.

Sovqat istəyən uşaqlar qapılara torba atar, bayram payı yığar, qız-gəlinlər qulaq falına çıxar, şirniyyat və meyvələrlə bəzədilmiş süfrələr açarlar. Bu ənənə bayram bitənə qədər davam edər. Nəsildən-nəsilə keçən bu adət-ənənələr insanları birləşdirir, xalqı həmrəliyə, birliyə dəvət edir. Odur ki, Novruz həm də milli birlik bayramıdır. Yurdum, Vətənim həmişə bahar ovqatlı olsun. Xalqımızın üzündən bahar gülüşü, bahar şənliyi əskik olmasın. Bayramınız mübarək!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button