Analitika

“Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır” – Prezident İlham Əliyev

Azərbaycan xalqı növbəti Novruz bayramını qeyd edir. Baharın gəlişini əks etdirən bu bayram xalqımız tərəfindən min illər boyu böyük sevinclə, mehribanlıqla və coşğu ilə kütləvi şəkildə qeyd olunur.

2023-cü il də bu baxımdan fərqlənməyəcək. Amma cari ildə Novruzun qeyd edilməsi əvvəlki dövrlərdəki bayramlardan fərqlənir. Azərbaycan xalqı 2021-ci ildən Novruz bayramını qələbə əhval-ruhiyyəsi ilə keçirir və 2023-cü ildə də belə olacaq.

2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra xalqımız ali hədəfinə çatdığından keçirilən bayramlar daha coşğulu, şad və yüksək səviyyədə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Ulu Öndər Heydər Əliyev vaxtilə böyük inamlı bildirirdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Bu inam, arzu artıq reallaşıb.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənət güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Novruz sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.

Novruz bayramı ərəfəsində xalqımız 4 çərşənbəni qeyd edir. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib.

Prezident İlham Əliyev hər il olduğu kimi 2023-cü ildə də Novruz bayramı ilə əlaqədar Azərbaycan xalqını təbrik edib. Cənab Prezident təbrikində vurğulayıb ki, Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır: “Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir”.

Qasımova Rüxsarə,
Xəzər rayonu, E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button