Novruz bayramı Azərbaycan xalqının incəsənətin güzgüsüdür
Yeni ilin başlanğıcı, gündüz ilə gecənin birləşməsinə təsadüf etdiyi gündür Novruz. Xalq bunu necə dəqiqliklə bilib əsrlər öncə. Bəzi tədqiqatçılar Novruzu Zərdüşt peyğəmbərin yaşadığı dövrlə əlaqələndirib, bu bayramın 3700-5000 yaşı olduğunu deyirlər. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranıb. Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə II əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr”adlı əsərində Hun hökmdarlarının yeni ildə – Novruzda bayram keçirdiklərini qeyd edib. İslam xadimləri bu bayrama dini rəng verməyə çalışıblar. Halbuki bu bayram özündə İslamda qadağan olunan bir sıra ayinləri ehtiva edir. (Odu müqəddəs saymaq, qulaq falı, su falı)Ömər Xəyyam “Novruznamə” əsərində yazıb: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. İran hökmdarı Cəmşid bu günü müəyyənləşdirdiyinə görə onu yeni gün – Novruz adlandırıb və bayram edib”.Azərbaycanda Novruz bayramının iştirakçısı olmuş alman səyyah Adam Oleari (1599-1671) 1637-ci ildə yazırdı: “Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı”. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Novruz ənənələri incəsənətdə də yaşadılır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib. Qürurla söyləyə bilərik ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı