Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır
Tarixi çətinliklərə baxmayaraq Novruzu yaşatmaqla millətimiz öz kimliyini qoruyub, milli birliyini təmin edib. Müstəqilliyimizin əldə olunması ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev deyirdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığin yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və isıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur”. Bu milli tarixi nailiyyət bu gün də Respublikamızda aydın və birmənalı şəkildə təsdiq olunmuşdur.
Prezident İlham Əliyev Novruz bayramının bütün dünya azərbaycanlıları arasında azərbaycançılıq hissləri yaratdığını göstərərək vurğulayaraq demişdir: “Novruz, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızın milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətlənir. Dövlət və cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartına uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə inkişaf artır, əhalinin sosial rifahı yüksəlir. Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir”.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilmişdir.
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.
Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Bu ilki Novruzun xüsusi özəlliyi var. İlk dəfədir ki, xalqımız Novruz bayramını bütöv Azərbaycanda qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, səriştəli diplomatiyası və qətiyyəti, müzəffər ordumuzun şücayəti sayəsində Azərbaycanın tam bütövlüyü təmin edildi, erməni işğalına birdəfəlik son qoyuldu, tarixi torpaqlarımıza əbədi sülh gəldi. Bu gün xalqımız böyük əhval-ruhiyyə ilə Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş bütün ərazilərdə bayarm tonqalları yandırır, baharın gəlişini bayarm edirlər. Bahar nə gözəl yaraşır Qalib Azərbaycana, qədəmləri mübarək olsun, Tanrı cənab Prezidentimizi və xalqımızı qorusun! Novruz bayaramınız mübarək!
Səbinə İsmayılova,
KBTRL tərbiyə işləri üzrə direktor müavini