
20 sentyabr Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri 23 saat ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə nəticələndi və sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi.
Dövlət suverenliyi hər bir xalqın öz taleyini müəyyən etmək, ərazisində qanunun aliliyini təmin etmək və dövlət idarəçiliyini müstəqil həyata keçirmək hüququnun əsas ifadəsidir. Azərbaycan üçün bu anlayış uzun illər davam edən işğal və ərazi bütövlüyünün pozulması ilə bağlı ağır tarixi sınaqlardan keçib. 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ yaratdı.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində təmin olunması ilə nəticələndi. Bununla da Azərbaycan dövlətinin Konstitusiya quruluşunun bərpası üçün mühüm tarixi mərhələ tamamlandı. Dövlət Bayrağının ölkənin bütün ərazilərində dalğalanması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı.
20 Sentyabr həm də şəhidlərimizin və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası böyük tarixi mübarizənin, Azərbaycan əsgərinin qəhrəmanlığının və xalqımızın həmrəyliyinin nəticəsidir. Bu Zəfər gələcək nəsillərə dövlət müstəqilliyinin və milli birliyin qorunmasının vacibliyini göstərən mühüm tarixi dərsdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi suverenliyin yalnız siyasi deyil, həm də sosial-iqtisadi məzmun daşıdığını nümayiş etdirir.
20 Sentyabrın tariximizdəki əhəmiyyəti yalnız keçmiş qələbələrin xatırlanması ilə məhdudlaşmır. Bu gün müstəqil Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri əldə edilmiş suverenliyin möhkəmləndirilməsi, sabitliyin və davamlı inkişafın təmin olunmasıdır. Dövlət suverenliyi xalqımızın milli sərvəti və gələcək nəsillərə ötürülməli olan ən mühüm dəyərlərdən biridir. Bu əlamətdar gün xalqımızın öz dövlətinə, ərazi bütövlüyünə və müstəqilliyinə bağlılığını bir daha nümayiş etdirir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



