Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib
Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.” Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bu fikri xüsusi qeyd etdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət yönəltdi ki, ənənəvi keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparıldı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. O da qeyd edildi ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.Bu məqsəd üçün Azərbaycana ixrac marşrutları lazımdır. Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda bu əminliyi ifadə etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir: “Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.” Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmizin tezliklə bərpaolunan enerji mərkəzi kimi tanınacağı şübhəsizdir. Əsas olan hədəf və ona nail olmaq üçün birgə səylərin göstərilməsi, yeni tərəfdaşların qazanılması, əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı