Nazir: Səfirliyimizə terror hücumu ilə bağlı bir sıra sualların İran tərəfindən cavablandırılması zəruridir
Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən terror hücumunun təfərrüatları və videoçəkilişlər tərəfimizdən incələnir.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşü zamanı deyib.
Nazir terror hücumunun təfərrüatlarının və videoçəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.
“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.