
Naxçıvan Muxtar Respublikasının son illərdə keçdiyi inkişaf yolu Azərbaycanın ümumi tərəqqisinin mühüm tərkib hissələrindən birini təşkil edir. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər və səfər çərçivəsində təqdim olunan layihələr bu qədim diyarın qarşıdakı dövrdə daha sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağını göstərir. Prezidentin Naxçıvana 17-ci səfəri zamanı keçirilən tədbirlər bir daha təsdiqlədi ki, muxtar respublikanın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və sosial infrastrukturun vahid inkişaf konsepsiyası əsasında həyata keçirilir.
Naxçıvanın inkişafında ilk və əsas istiqamətlərdən biri təhlükəsizlik məsələsidir. Coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşən Naxçıvanın müdafiə potensialının daim gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Naxçıvanda hərbi texnika ilə təchizatın, yeni komando qüvvələrinin yaradılmasının və ümumilikdə hərbi potensialın gücləndirilməsinin davam etdirildiyi vurğulanıb. Əlahiddə Ordunun yaradılması da bu baxımdan mühüm addımlardan biri kimi qiymətləndirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması Naxçıvanın təhlükəsizliyinin təmin olunması baxımından da mühüm amildir. Deməli, burada həyata keçirilən inkişaf siyasətinin təməlində ilk növbədə sabitlik və təhlükəsizlik dayanır.
Naxçıvanın gələcək inkişafında enerji təhlükəsizliyi xüsusi yer tutur. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması muxtar respublikanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bununla yanaşı, Günəş və su elektrik stansiyalarının yaradılması Naxçıvanın zəngin bərpaolunan enerji potensialından səmərəli istifadə etməyə imkan verir. Naxçıvanda qazlaşmanın 100 faiz səviyyəsinə çatdırılması da enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mühüm nəticələrdəndir. Xüsusilə Günəş enerjisinin istehsalı üçün yüzlərlə hektar ərazinin müəyyənləşdirilməsi gələcəkdə Naxçıvanın yalnız enerji ilə təmin olunan deyil, həm də enerji ixrac edən bölgəyə çevrilməsi perspektivini ortaya qoyur.
Qeyd edək ki, Naxçıvanın qarşısında açılan ən böyük imkanlardan biri onun nəqliyyat və logistika mərkəzinə çevrilməsi ilə bağlıdır. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası baxımından tarixi əhəmiyyət daşımaqla yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişə biləcək layihədir. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olması, dəmir yolu layihələrinin davam etdirilməsi və Naxçıvan dəmir yolunun yenidən qurulması bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Gələcəkdə bu marşrutdan ən azı 15 milyon ton yükün keçirilməsinin nəzərdə tutulması Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini göstərir. Bu isə yeni investisiyalar, yeni iş yerləri və iqtisadi fəallığın artması deməkdir.
Naxçıvanın iqtisadi inkişafının digər mühüm istiqaməti sənayenin və məşğulluğun genişləndirilməsidir. Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin formalaşmasına və əhalinin məşğulluğunun artırılmasına ciddi təkan verə bilər. Bununla yanaşı, kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatının potensialını daha da artıracaq. Yol infrastrukturunun təkmilləşdirilməsi də bu prosesin mühüm hissəsidir. 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulması həm kəndlərdə yaşayan insanların gündəlik həyatını asanlaşdıracaq, həm də iqtisadi əlaqələri gücləndirəcək.
Naxçıvanın inkişafını yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmaz. Bu qədim diyar Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli yaddaşında xüsusi yer tutur. Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan zəngin memarlıq irsinə malikdir və Möminə xatun məqbərəsi kimi dünya əhəmiyyətli abidələrin qorunması böyük məsuliyyətdir. Eyni zamanda, Naxçıvanın turizm potensialı da kifayət qədər genişdir. Tarixi abidələri, təbiəti, təmiz havası və mənzərəli məkanları burada turizmin inkişafı üçün ciddi imkanlar yaradır. Yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması da bu istiqamətdə atılan addımlardan biridir. Tarixi irsin qorunması ilə müasir turizm infrastrukturunun paralel inkişaf etdirilməsi Naxçıvanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha cəlbedici turizm məkanına çevrilməsinə imkan verə bilər.
Bütün bu layihələrə birlikdə nəzər saldıqda aydın görünür ki, Naxçıvan üçün qarşıdakı dövr yeni inkişaf mərhələsi olacaq. Burada əsas məqsəd yalnız mövcud problemləri həll etmək deyil, gələcək onilliklər üçün dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi sistem formalaşdırmaqdır. Yaşıl enerji, müasir sənaye, yeni nəqliyyat imkanları, kənd təsərrüfatının inkişafı, turizm, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması bir-birini tamamlayan istiqamətlərdir. Qarabağ və Şərqi Zəngəzurla Naxçıvanın vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də bu baxışın miqyasını göstərir. Ən əsası isə bütün bu proseslərin mərkəzində insan amili dayanır: insanların təhlükəsiz, rahat və firavan yaşaması, yeni iş imkanlarının yaranması və bölgənin iqtisadi potensialının tam reallaşdırılması. Naxçıvanın gələcəyi ilə bağlı qarşıya qoyulan genişmiqyaslı hədəflər bu qədim diyarın Azərbaycanın iqtisadi və strateji həyatında daha böyük rol oynayacağını düşünməyə əsas verir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



