Analitika

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Ötən əsrdə baş vermiş qəddar cinayətlərdən biri xalqımızın taleyinə qara hərflərlə yazılan – Xocalı faciəsi… Elan edilməmiş Birinci Qarabağ müharibəsinin ən acı nəticəsi məhz bu hadisə hesab edilir. O gün baş verənləri düşünmək belə insanı dəhşətə gətirir. Bir neçə saatın ərzində doğulub-böyüdüyün şəhər yerlə yeksan olur, birlikdə oynadığın dostlarının hamısı amansızlıqla qətlə yetirirlər. Doğulmağına bir neçə gün qalmış günahsız körpə dünya işığı görmədən süngüyə keçirilir. Həmin gün sözün həm həqiqi, həm də məcazi mənasında neçə-neçə insanın evi dağıldı: 8 ailə tamamilə məhv edildi. Nankor düşmən qadın, uşaq, yaşlı bilmədən hər kəsi hədəf seçmişdi. Soyqırım nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirildi. İsti yuvasını tərk edərək qaçıb canını qurtarmaq istəyənlər ya gülləyə tuş gəlmiş, ya da şaxtadan donmuşdu. Yaşamaq şansı əldə edən 487 nəfər düşmən gülləsi ilə yaralandı. Bəzilərinin bəxtinə daha pisi yazıldı – düşmənə əsir düşərək işgəncələrə məruz qalmaq kimi… Sayı 1275 olan əsirdən 130-un taleyi bu günədək naməlumdur. Bu həyatı yaşamaq istəməyənlər isə canlarına qıyaraq həyatları ilə vidalaşdılar.

Artıq faciənin 32-ci ildönümünü yaşayırıq. İllər ərzində Xocalı faciəsi, həmin gecə baş verən dəhşətlər barədə çox eşidib, çox oxumuşuq. Qalib ölkənin vətəndaşı olaraq vəzifəmiz keçmişi unutmamaq və həqiqətləri bütün dünyaya bəyan etməkdir. Gələcək nəsillər mənfur düşmənin hiyləsindən xəbərdar olmalı, qətiyyən bu hiyləgər xalqa aldanmamalıdır. Fəryadı səmaya yüksələn günahsız soydaşlarımızın qisasını igidlərimizin sayəsində aldıq. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən  Azərbaycan Ordusu  havadarları hesabına  Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu.  Bir gündə  Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: “…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.”

İkinci  Qarabağ döyüşlərində Azərbaycan Ordusunun düşmənə vurduğu ağır  zərbələr haqqın, ədalətin təntənəsi idi. Müharibənin davam etdiyi müddətdə  döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, bərdəni və digər  yaşayış məntəqələrini   raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Adı çəkilən şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran dövlətimizin güclü iradəsi, qüdrətil ordusu vardır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın qısamüddətli müharibə  ilə  işğaldan azad olunması 1992-ci ilin 26 fevralında  Bakıdan kömək gözləyən xocalıları  təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara,   hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər  paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə  yetirilən soydaşlarımızın ruhuna hörmətdir. Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən,   faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu,  bölgədə sabitliyin qorunması təmin edildi.  Mənfur düşməni ona haram olan torpaqlardan çıxardaraq bu lənəti tamamilə təmizlədik.

İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, 2023-cü il sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Xocalı şəhəri də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən şəhərlərimizdən idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Xocalıda hər qarış torpaq şəhid qanı ilə sulanılıb. Orada ermənilər tərəfindən dağıdılan hər bir evin, sönmüş ocağın şəhidi var. Xocalıda çox sayda dəfn olunmamış şəhidlərimiz var. Xocalıya qayıdışdan sonra o narahat ruhlar rahatlıq tapacaq.

Təkcə adının ürəyimizdə xüsusi titrəyiş yaratdığı Xocalı bu gün bütün azad olunan ərazilər kimi yenidən bərpa olunur. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır və bu vəzifənin öhdəsindən xalq, dövlət olaraq gələcəyimizdən heç bir şübhəmiz yoxdur.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button