
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın о dövrdə və о illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. О illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır” Ulu Öndər Heydər Əliyev.
Bəşəriyyət tarixində ən qəddar, despotik və müstəmləkə xarakterli rejimlərdən biri olan Çar Rusiyası, XIX əsrdən etibarən özünün genişlənmə və assimilyasiya siyasətini Qafqaz regionuna da tətbiq edərək, xüsusilə Azərbaycan xalqına qarşı sistemli və məqsədyönlü basqılar həyata keçirmişdir. Rusiya imperiyasının əsas məqsədi bu ərazidə yaşayan türkmüsəlman xalqları milli-mədəni kimliklərindən məhrum etmək, onların tarix boyunca formalaşdırdığı dövlətçilik ənənələrini məhv etmək və beləliklə, bütövlükdə bölgəni siyasi və ideoloji nəzarət altına almaq idi.
Bu məkrli siyasət təkcə ideoloji deyil, həm də hərbi və demoqrafik vasitələrlə müşayiət olunurdu. Cənubi Qafqaz, xüsusilə Azərbaycan əraziləri imperiyanın bu zorakı planlarının mərkəzi sınaq meydanına çevrilmişdi. Rusiya imperiyası bir tərəfdən müxtəlif etnik və dini qrupları, bilavasitə xristian əhalini imperiyanın müxtəlif guşələrindən Azərbaycan torpaqlarına köçürür, digər tərəfdən isə yerli türk-müsəlman əhalinin sıxışdırılması, assimilyasiyası və məhv edilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirirdi.
Rəsmi siyasətin əsas istiqamətlərindən biri də yerli əhalinin ruslaşdırılması və xristianlaşdırılması idi. Bu məqsədlə maarif sistemində rus dilinin zorla tətbiqi, dini inanclara qarşı basqılar və xalqın mənəvi-mədəni dəyərlərinin zəiflədilməsi üçün sistemli iş aparılırdı. Ən dəhşətlisi isə odur ki, bu siyasətin daha effektiv şəkildə həyata keçirilməsi üçün imperiya tərəfindən etnik qarşıdurmalar qızışdırılır, xüsusilə erməni-müsəlman qırğınları məqsədli şəkildə təşviq edilirdi. Bu qırğınlar yalnız məzhəb və etnik qarşıdurmalar deyildi – arxasında imperiyanın siyasi manipulyasiyası və strateji maraqları dayanırdı.
Digər bir istiqamətdə isə Azərbaycan və Gürcüstan xalqları arasında qarşıdurma yaratmaq üçün süni gərginliklər yaradılır, imperiya bölgədəki hər iki xalqı bir-birinə qarşı qoymaqla öz hökmranlığını daha da möhkəmləndirmək niyyətində olurdu. Beləliklə, Azərbaycanın müxtəlif bölgələri — xüsusilə Gəncə, Qarabağ, İrəvan və Zəngəzur ətrafı həm demoqrafik təzyiqlərin, həm də etnik zorakılığın episentrinə çevrilmişdi.
Bütün bu təzyiqlərə və qəddar müstəmləkə siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz milli mənlik şüurunu, dilini, dinini və ən əsası dövlətçilik düşüncəsini qorumağı bacardı. Müharibənin yaratdığı iqtisadi tənəzzül, sosial narazılıq və etnik qarşıdurmalar fonunda milli şüur daha da gücləndi. Müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşəcək olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, təkcə milli iradənin deyil, həm də müasir dövlətçilik düşüncəsinin təntənəsi idi. Minilliklərə söykənən dövlətçilik ənənəsi, xalqın siyasi iradəsi və milli birliyi nəticəsində nəinki bu siyasətə müqavimət göstərildi, həm də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti kimi müstəqil bir dövlət quruldu. Bu, Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin parlaq təcəssümü idi.
1918-ci il 28 may tarixində Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, milli istiqlal ideyalarının siyasi nəticəsi idi. Bu cümhuriyyət dünyəvi, hüquqi və demokratik prinsiplərə əsaslanaraq, xalqın iradəsinə söykənən bir idarəetmə forması qurdu. Qısa müddət ərzində parlament, hökumət orqanları formalaşdırıldı, diplomatik münasibətlər bərqərar edildi, milli ordu yaradıldı və maarif sahəsində mühüm islahatlar həyata keçirildi.
Xalq Cümhuriyyəti öz varlığını cəmi 23 ay davam etdirə bildi, lakin onun qoyduğu təməl prinsiplər sonrakı nəsillər üçün bir yol xəritəsinə çevrildi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası da məhz bu tarixi mirasın davamı kimi qiymətləndirilə bilər.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi və ümumxalq iradəsi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Həmin dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, separatçı meyllərin artması, dövlət institutlarının iflic vəziyyətə düşməsi və vətəndaş qarşıdurmasının kəskinləşməsi Azərbaycan dövlətçiliyini real dağılma və məhv olma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyun hadisələrinə obyektiv qiymət verən hər bir vətəndaş anlayır ki, məhz Heydər Əliyevin məsuliyyəti öz üzərinə götürməsi, şəxsi təhlükəsizliyi ilə hesablaşmadan hakimiyyətə qayıtması, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etmişdir.
Bu tarixi mərhələ Ümummilli Liderin siyasi iradəsinin, strateji uzaqgörənliyinin və xilaskarlıq missiyasının ən parlaq təzahürlərindən biri kimi dəyərləndirilməlidir. Dövlətçilik və xalq qarşısında məsuliyyət hissini hər şeydən üstün tutan Heydər Əliyev milli həmrəyliyi təmin etməklə, parçalanmaqda olan Azərbaycanı yenidən mərkəzləşdirilmiş, vahid və sabit bir dövlətə çevirməyə nail oldu. Onun siyasi liderlik bacarığı, milli maraqlara əsaslanan qərarları və təmkinli idarəetmə üslubu böhranlı şəraitdə dövlətin gələcək inkişafına yol açdı.
1993–2003-cü illər isə Heydər Əliyev siyasi fəaliyyətinin zirvə dövrü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək baxımından strateji əhəmiyyət kəsb edən onillik kimi xarakterizə olunur. Bu illər ərzində ölkədə sabitlik bərpa edilmiş, hüquqi dövlət quruculuğu prosesinə başlanılmış, iqtisadi islahatlar həyata keçirilmiş və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız daxili çəkişmələrdən və dövlət çevrilişi cəhdlərindən xilas olunmadı, eyni zamanda uzunmüddətli inkişaf və rifah yoluna qədəm qoydu. Onun siyasi irsi müstəqil Azərbaycanın quruculuq mərhələsinin ideya-siyasi bazasını formalaşdırdı və ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil etdi.
Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu, hüquqi islahatlar, ordu quruculuğu və beynəlxalq əlaqələrin inkişafı AXC-nin əsas məqsədlərinin XXI əsrdə reallaşmış forması kimi qiymətləndirilə bilər. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları, Heydər Əliyevin siyasi iradəsi ilə müasir dövlətimizin təməl sütunlarına çevrilmişdir.
Müasir Azərbaycan dövlətçiliyinin dayanıqlı və sabit inkişafı birbaşa olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji idarəetmə modelinin davam etdirilməsi ilə bağlıdır. Tarixi təcrübə bir daha sübut edir ki, Heydər Əliyevin uzaqgörənliyi təkcə onun hakimiyyəti dövründə həyata keçirdiyi islahatlarla deyil, həm də gələcəyin lideri kimi İlham Əliyev kimi siyasi varisini müəyyən etməsi ilə təcəssüm etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzlərindən birinə çevrilmişdir. Onun həyata keçirdiyi daxili və xarici siyasət, milli maraqlara əsaslanan mövqeyi, dövlət suverenliyi və iqtisadi müstəqilliyin qorunması istiqamətində atdığı addımlar Azərbaycanın dayanıqlı inkişafının təminatına çevrilmişdir.
Xalqın iradəsinə və tarixdən qaynaqlanan dövlətçilik ənənələrinə əsaslanan bu davamlı siyasi kurs nəticəsində Azərbaycan təkcə keçmişin uğurlarını qoruyub saxlamaqla kifayətlənməmiş, eyni zamanda yeni zəfərlərə və strateji nailiyyətlərə imza atmışdır. İlham Əliyevin qətiyyətli və müasir çağırışlara cavab verən liderlik keyfiyyətləri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasının uğurla reallaşmasına şərait yaratmışdır. Bu siyasi ardıcıllıq və milli liderlik modelinin nəticəsi olaraq Azərbaycan vətəndaşları gələcəyə daha böyük inamla baxır, sabitliyə, rifaha və güclü dövlətçiliyə əsaslanan bir gələcək qurur.
Cəfərova Səbinə,
Bakı Slavyan Universiteti