AnalitikaGündəmSiyasət

Müstəqillik ruhunun və regional əməkdaşlığın təntənəsi

Prezident İlham Əliyevin 28 may 2025-ci il tarixində Laçın şəhərində etdiyi çıxışda Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklər, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı qələbə, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri və Azərbaycan-Türkiyə-Pakistan arasında formalaşmış strateji əməkdaşlıq münasibətləri ətraflı şəkildə təqdim edilmişdir. Prezidentin nitqi, Azərbaycanın müasir dövrdə regional güc kimi çıxış etdiyini və bu mövqeyini güclü dövlət və xalq iradəsi ilə təmin etdiyini göstərir.

28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün-ölkəmizin dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. 2025-ci il 28 may tarixində bu günün Laçın şəhərində keçirilməsi həm rəmzi , həm də strateji məna daşıyır. Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış həm tarixi kontekstə, həm də müasir geosiyasi və regional əməkdaşlıq perspektivlərinə dair mühüm mesajlar vermişdir. Bu çıxış həm Azərbaycan xalqının milli azadlıq mübarizəsinin davamlılığını, həm də regionda mövcud olan qardaşlıq münasibətlərinin qüvvəsini nümayiş etdirmişdir.

Prezident çıxışında Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinə xüsusi diqqət yetirmişdir. Laçında keçirilən üçtərəfli zirvə görüşü və tədbirlər bu birliyin praktiki təzahürü kimi qiymətləndirilmişdir. O, Azərbaycanın tarix boyu üzləşdiyi haqsızlıqlara və Ermənistanın işğalçılıq siyasətinə toxunmuş, Xalq Cümhuriyyəti dövründən bu günə qədər baş verən hadisələri sadalamışdır. O, bu ədalətsizliklərə qarşı Azərbaycan xalqının mübarizə əzmini və müstəqilliyin bərpasını vurğulamışdır.

Prezident İlham Əliyev Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi üstünlüyünü və strateji addımlarını qeyd etmişdir. Şuşa Zəfəri və ondan sonra əldə edilən diplomatik və hərbi uğurlar Azərbaycanın tarixi qələbəsini təmin etmişdir. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində artıq 43 min insan bu ərazilərə qayıtmışdır. Yeni məktəblər, xəstəxanalar, yollar, hava limanları və digər infrastruktur layihələri həyata keçirilir.

Ölkə başçısı çıxışında həmçinin Azərbaycanın müzəffər xalq kimi yaşadığını və bu reallığın əbədiyyətə qədər davam edəcəyini bildirmişdir. Azərbaycan-Türkiyə-Pakistan birliyi regionda və dünyada mühüm strateji gücə çevrilmişdir. Bu çıxış, Prezident İlham Əliyevin siyasi görüşlərini və Azərbaycanın keçdiyi tarixi yolu ümumiləşdirən bir manifestdir. O, eyni zamanda beynəlxalq aləmə ünvanlanmış güclü mesajdır: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və gələcəyə doğru əmin addımlarla irəliləyir. Müstəqil, güclü və qürurlu Azərbaycan öz yolunu davam edir – bu dəfə artıq möhkəmlənmiş şəkildə Laçında, Şuşada və digər azad edilmiş torpaqlarda.

Əbilova Arzu,
Xəzər rayonu, 124 №li tam orta məktəbin müəllim

Oxşar Xəbərlər

Back to top button