AnalitikaGündəmSiyasət

Müstəqillik hər bir xalqın ən böyük sərvətidir

Ulu Öndər Heydər Əliyev: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bu hadisə təkcə xalqımızın milli iradəsinin təntənəsi deyil, bütün müsəlman Şərqində ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Bu dövlətin qurulması, heç şübhəsiz, xalqımızın yüksək siyasi mədəniyyətə və dövlətçilik ənənələrinə sahib olduğunun sübutudur.

Qısa ömürlü olsa da, Xalq Cümhuriyyəti Azərbaycanın gələcək müstəqil inkişafının əsasını qoymuşdur. Bu dövlətdə qısa müddət ərzində mühüm işlər görülmüş, böyük və tarixi addımlar atılmışdır. Xüsusilə, qadınlara seçki hüququnun verilməsi, milli ordu və ali təhsil müəssisələrinin yaradılması, dövlət atributlarının müəyyənləşdirilməsi həmin dövrün görkəmli nailiyyətləri idi. Bütün bu işlərin arxasında Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa bu kimi böyük şəxsiyyətlər dayanırdı.

Təəssüf ki, 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etmiş, Azərbaycan müstəqilliyini itirmiş, lakin xalqımızın azadlıq arzusu heç vaxt sönməmişdir. 1991-ci ildə dövlət müstəqilliyimiz yenidən bərpa olunmuş, ancaq bu müstəqillik ilk illərdə ciddi təhlükələrlə qarşılaşmış, daxili çəkişmələr, siyasi xaos və Ermənistanın hərbi təcavüzü Azərbaycanı böyük sınaqlarla üz-üzə qoymuşdur.

Belə bir ağır dövrdə xalq öz xilaskarını – Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyəti ələ almağa və Azərbaycanı xaosdan xilas etməyə çağırdı. Məhz onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik yoluna qədəm qoydu, müstəqillik qorundu və möhkəmləndirildi. 1992-ci ildə Ulu öndərin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası milli maraqları hər şeydən üstün tutan, ölkəni parçalanmaq təhlükəsindən xilas edən qüdrətli siyasi qüvvəyə çevrildi. YAP ölkəmizin inkişafında, sabitlik və birlik mühitinin qorunmasında aparıcı rol oynamış və bu gün də öz ideoloji dayaqları ilə dövlətçiliyimizin əsas sütunlarından biri olaraq qalmaqdadır.

Fəxrlə qeyd etməliyik ki, bu gün Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsini daim uca tutur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu görkəmli şəxsiyyətlərin xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində çox böyük hadisədir. Cümhuriyyətin yaradıcıları – onun görkəmli xadimləri bizim milli sərvətimizdir.” Bu fikirlər Heydər Əliyevin tarixi ardıcıllığa və milli dövlətçilik ənənələrinə olan dərin hörmətini, eyni zamanda xalqın yaddaşında Cümhuriyyət liderlərinin əbədi yaşamasına verdiyi önəmi ifadə edir.

“Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi Azərbaycan dövlətinin Cümhuriyyət irsinə sadiqliyinin əyani göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Xalq Cümhuriyyətinin qurulmasının, Cumhuriyyətin qurucularının yubileyləri yüksək səviyyədə qeyd olunur, elmi tədbirlər, sərgilər, konfranslar keçirilir, onların xidmətləri dövlət səviyyəsində qiymətləndirilir. Bu, həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olmaqla tarixi yaddaşın qorunması və milli kimliyin gücləndirilməsi baxımından çox mühüm addımdır.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qalib dövlətdir. Biz artıq 5-ci ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayırıq. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə, eləcə də 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu gün biz artıq ərazi bütövlüyünü təmin etmiş, qalib və suveren bir ölkənin vətəndaşlarıyıq. Üçrəngli bayrağımız artıq Şuşada, Xankəndidə və bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.

Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Onu qorumaq və daha da möhkəmləndirmək hər birimizin müqəddəs borcudur. Biz bu gün yalnız keçmişimizlə yox, həm də gələcəyə olan böyük inamımızla yaşayırıq.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button