Analitika

Müstəqil müasir Azərbaycan təməli

İllərlə gözəl səsə, nitqə malik olan natiq Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın tarixini xalqın qəlbinə yazdı. Bu əvəzolunmaz insan, yüzilliyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafının təməlini qoymuş, müasir Azərbaycanın hər zərrəsi Heydər Əliyevin adı ilə bağlıdır. Uzun illərdən bəri fəaliyyətinin bütün dövrlərində xalqının mənafeyini düşünən, dövlətin və dövlətçiliyin keşiyində dayanan, onu inkişaf etdirən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı regionun, dünyanın qəbul edəcəyi səviyyəyə yüksəltmiş və genişləndirmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın və insan hüquq və azadlıqlarının daha da genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fenomenal işlər görmüş Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratmış və inkişaf etdirmişdi.

Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrünün əsası qoyulmuşdu. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçilmişdi. Azərbaycan haqqında nəinki keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşmışdı: Bura təkcə “Neft Bakısı” deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyevin adı həkk olunmuşdur.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən ümdə vəzifələrdən biri müstəqil dövlət quruculuğunu həyata keçirmək idi. Qısa müddət ərzində dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyi faktik və hüquqi cəhətdən tanındı. Müstəqilliyimizin ilk illərində qarşıda duran tarixi missiyanı həll etmək üçün bir neçə istiqamətdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməli idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətdə olmuş qüvvələr xalqın və millətin maraqlarını ifadə edən siyasi xətti nəinki həyata keçirə bilmiş, hətta öz əməlləri ilə dövlət müstəqilliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdular. Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının böyük istəyi və tələbi nəticəsində siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət sayəsində müstəqil dövlətimizin quruculuğu istiqamətində ciddi addımlar atılmışdır.

Hər bir xalq öz inkişafının müəyyən mərhələsində taleyüklü məsələləri həll etmək üçün böyük liderə və şəxsiyyətə ehtiyac duyur. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı böyük əhəmiyyət daşıyırdı. Müstəqilliyin bəyan edilməsi hələ qarşıda duran mürəkkəb və çətin vəzifələrin həlli demək deyildi. Əsas məsələ siyasi, iqtisadi, mənəvi, psixoloji, hərbi və s. sahələr üzrə möhkəm zəminə əsaslanan dövlət qurmaq idi. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətin ağır və şərəfli məsuliyyətini öz üzərinə götürən Heydər Əliyev bir tərəfdən Azərbaycanı bürümüş total böhranı aradan qaldırmalı, digər tərəfdən, Ermənistanın davam edən təcavüzünün qarşısını almalı, ictimai-siyasi və iqtisadi sabitliyi bərqərar etməli idi. Bu dövrdə, demək olar ki, ölkə əvvəlki iqtidarların naşı siyasətlərinin nəticəsi olaraq tam iflas vəziyyətində idi. Dövlət orqanları öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmir, qanunlar işləmir, hər yerdə insanlar arasında ümidsizlik və inamsızlıq hökm sürmüşdü. Belə ağır vəziyyətdə Ulu Öndər Heydər Əliyev ciddi və cəsarətli addımlar ataraq müasir, müstəqil Azərbaycının dövlət quruculuğunun əsaslarını yaratmağa başlamışdı. 1993-95-ci illər arasında müstəqil dövlət quruculuğu sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi.

Müstəqil Azərbaycan dövlətinin iqtisadi modelinin yaradılması üçün böyük islahatlar aparılması, yeni qanunların qəbul edilməsi, ən başlıcası, müstəqil Azərbaycanın Konstitusiyasının işlənib hazırlanması ciddi vəzifə kimi qarşıda dayanmışdı. Bu baxımdan, iqtisadi sahədə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətli rol oynamışdır. Məlumdur ki, sovetlər sistemində mülkiyyət üzərində dövlət nəzarəti, o cümlədən, torpaq üzərində də nəzarət var idi. Uzun illər Azərbaycan kəndlisi torpağa sahib olmaq istəyi ilə yaşamışdı. Sovet-kommunist rejimində torpaqların kolxoz-sovxoz təsərrüfatı adı ilə kəndlilərin əlindən alınması bu sahədə ciddi problemlər yaratmışdı. Müstəqil Azərbaycanın qarşısında dayanan ciddi islahatlardan biri torpaq islahatı idi. Tarixdən bildiyimiz kimi, torpaq islahatı ən çətin islahatlardan biridir. Aqrar islahat böyük cəsarət, qətiyyət və ardıcıllıq tələb edirdi. Məsələnin çətinliyinə və mürəkkəbliyinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə kənd təsərrüfatında islahatlar aparılması üçün qanunlar və proqram işlənib hazırlanmışdı. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü göstərirdi. Prezident İlham Əliyev deyir: “Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaqdır”.

Ulu öndər Heydər Əliyevin həyata keçiridiyi siyasət cənab Prezident İlham Əliyev tərəfindən bugün də uğurla davam edir. Dövlət quruculuğu prosesi daimi xarakter daşıyır. Cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən prosesə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.

Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran strateji vəzifələrdən danışarkən qeyd etmişdir ki, başlıca məqsədimiz sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Prezident deyir: “Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən – həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. …Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirilməlidir”. Ölkə rəhbərinin dediyi bu fikirlər real həyatda öz əksini tapır. Bundan sonra da modern Azərbaycan quruculuğu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yüksək səviyyədə davam edir və edəcəkdir.

Ağamalıyeva Səidə,
Xəzər rayonu, 323 №li tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button