Multikulturalizmin Azərbaycan modeli
Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir.
Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasında dini azadlıqların təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev 2014-cü ilin dekabr ayında Bakıda Heydər məscidinin açılışında demişdir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.
Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur. Dövlət bütün dini qurumların hər birinə lazımı kömək, o cümlədən maliyyə dəstəyi göstərir.
Respublikamızın tolerant və multikultural gerçəkliyinin təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir. Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə qış və yay məktəbləri təşkil olunur. Qış və yay məktəblərinin məqsədi xarici ölkə gənclərinin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olsunlar. Bu gün Azərbaycanda yaşayan müsəlman xristian və yəhudilər, eyni zamanda digər dini inanclara sahib insanlar öz ibadətlərini sərbəst şəkildə həyata keçirirlər,tolerant və multikultural cəmiyyətin imkanlarından yararlanırlar. Azərbaycanda heç bir dini konfessiyanın birinin digərindən üstünlüyü yoxdur.
Bir çox xalqlarla müqayisədə Azərbaycan identikliyi multikulturalizm, tolerantlıq üçün həm əlverişli, həm də müasir dövr üçün olduqca aktualdır. Avropa tolerantlığı bizim milli xüsusiyyətə çevrilmiş tolerantlıqdan fərqlənir. Belə ki, tolerantlıq Avropada daha çox hüquq müstəvisində qabarıq şəkildə özünü göstərir. Azərbaycanda isə bu, həm qanunlar çərçivəsində işləyir, həm də artıq bizim milli xarakterimizdə oturuşmuşdur. Avropa ola bilər ki, gəlmələrin hüququ qorunur, ancaq ona yad olduğu hər addımında hiss etdirilir. Halbuki tolerantlıq, multikulturalizm artıq bizim milli identikliyin elementidir və bu, milli birliyi təmin edir. Milli birliyin əsasını isə bütövlükdə Azərbaycançılıq məfkurəsi təşkil edir. Həm milli, həm də dini birliyi qoruyaraq inkişaf etdirmək üçün bizim şüurlu, dünyagörüşü geniş olan, özünü inkişaf etdirən, dərk edən, mütaliə ilə məşğul olan,öyrənən, müşahidə aparmağı və bunların əsasında təhlil etməyi bacaran gələcək nəslə ehtiyacımız var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdikdən sonra insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin keçmişinə bir daha diqqət yetirdi, dünyada hökm sürən müxtəlif prosesləri dəyərləndirdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin siatemliyini təmin edən ulu öndər Heydər Əliyev uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı siyası platforma qurmuşdur.
Allahverdiyeva Tomris,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi