Milli Qurtuluşdan Zəfərə doğru

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyev ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtaran Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, əsl müstəqilliyini Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra əldə etdi. O dövrdəki siyasi vəziyyət milli dövlətçiliyimizi ikinci dəfə məhv olmağın bir addımlığına gətirmiş oldu. Müstəqilliyimizin ilk illərində hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün səriştəsizliyi ölkəmizdə anarxiya, xaos, özbaşınalıq yaratmışdı.
Bununla yanaşı, Azərbaycan- Ermənistan cəbhə xəttində yaranan gərgin vəziyyət, ölkə daxilində separatçılıq və parçalanma meyillərinin – “Talış-Muğan Respublikası” adlı qondarma qurumun, separatçı “Sadval” təşkilatının Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti vəziyyəti daha da kəskinləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə baş verən qiyam dövlət idarəçiliyində təcrübəsi olmayanların ölkə daxilində yaratmış olduqları vəziyyəti açıq-aydın göstərirdi. Anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması Azərbaycanın xəritədən silinməsi ilə nəticələnə bilərdi. Belə bir çətin durumda xalq təkidli tələbi ilə Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə çağırdı.
1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. Ulu Öndər Heydər Əliyev qayıdışı ilə respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev siyasi uzaqgörənliyi və müdrikliyi ilə Azərbaycanı çətin anlarından şərəflə çıxardı və siyasi və iqtisadi zəmində baş verən gərginlikləri aradan qaldıraraq, onu parçalanmaq təhlükəsindən xilas etdi. Xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi.
1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı.
Ulu Öndər Heydər Əliyevin böyüklüyünü ifadə edən amillərdən biri də odur ki, 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı.
Azərbaycan xalqı artıq dördüncü ildir ki, Milli Qurtuluş Gününü Zəfər çalmış xalq olaraq qeyd edir. Bu əlbəttə ki, ölkəmizin gücünün, dinamik inkişafının, müzəffər ordunun, xalq-iqtidar birliyinin dünyaya bir daha nümayişidir. İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Zəfər qazanmış Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə qüdrətini daha da artırır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi, eləcə də ölkəmizin etibarlı tərəfdaş olması ölkəmizin seçdiyi yolun düzgün olduğunu ifadə edir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir və dövlət başçısının rəhbərliyi ilə ölkəmizin siyasi və iqtisadi müstəqilliyi möhkəmlənib, demokratik dəyərlərə yiyələnib. Bütün dünyaya nümunə ola biləcək geoiqtisadi güc mərkəzi modelini yaradıb. Bu və ya digər mühüm nailiyyətlərin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətləri danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və Onun daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan dünyanın seçilən dövlətləri sırasında böyük nüfuz sahibidir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
Əlbəttə ki, bu gün böyük fəxarətlə söz açdığımız uğurların yolu çətin, ağır və məşəqqətli yoldan başlanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. 15 İyun Milli Qurtuluş Günündən başlanan yol tariximizə uğurlar və Zəfər yazdı.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri