
Azərbaycanın müasir tarixində Milli Qurtuluş Günü dövlətçilik salnaməsinin ən mühüm səhifələrindən biridir. 15 İyun 1993-cü ildə milli maraqların və dövlətçilik mənafelərinin qorunmasını zəruri edən mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqının təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyini müəyyənləşdirən dönüş nöqtəsi oldu. Bu hadisə təkcə mövcud problemlərin həlli deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı.
Milli Qurtuluşdan sonra ölkədə siyasi sabitliyin təmin olunması, qanunun aliliyinin bərqərar edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və milli maraqlara əsaslanan inkişaf strategiyasının həyata keçirilməsi Azərbaycanın davamlı yüksəlişinin əsasını qoydu. İqtisadi islahatlar, enerji siyasətinin uğurlu reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi.
Məhz həmin dövrdə formalaşdırılan güclü dövlətçilik konsepsiyası sonrakı illərdə Azərbaycanın hərbi, siyasi və iqtisadi qüdrətinin artmasına imkan yaratdı.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Milli Qurtuluşdan başlanan dövlətçilik strategiyasının ən parlaq təzahürü oldu. Bu Qələbə göstərdi ki, güclü dövlət, milli birlik və uzaqgörən siyasi rəhbərlik xalqın qarşısında duran ən mürəkkəb problemlərin həllində həlledici amildir.
Beləliklə, Milli Qurtuluşdan Zəfərə aparan yol Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin, milli maraqlarını təmin etməsinin və tarixi ədaləti bərpa etməsinin ardıcıl və məntiqi inkişaf mərhələsidir. Bu tarixi inkişaf yolu Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu, xalq–dövlət həmrəyliyinin vəhdətini və qüdrətini, sarsılmaz gücünü, müstəqilliyimizin dönməz, əbədi xarakter daşıdığını təsdiq edən ən parlaq nümunədir.
Səbinə Yunusova,
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Ümumi şöbəsinin baş məsləhətçisi, YAP Nərimanov Rayon Təşkilatı üzrə ƏPT-nin sədr müavini



