
1993-cü ilin 9 iyunu adi bir təqvim günü deyil, müasir müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış ilə Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, yenicə dövlət müstəqilliyini bərpa etmiş ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinin əsası qoyuldu.
1993-ci ilin iyununda Azərbaycan “olum və ya ölüm” qarşısında qalmışdı. Məhz o zaman Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Naxçıvanda başlamış qurtuluş mübarizəsi özünün yeni- həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Özünün vaxtilə qurub yaratdığı Azərbaycana II dəfə siyasi rəhbərliyə gələn müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”.
Tarixi hadisələrə nəzər saldıqda görürük ki, 15 İyun Azərbaycan üçün həqiqətən də qurtuluş günü olmuşdur. Həmin dövrdə görülən tədbirlər nəticəsində ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Dövlət qurumlarının fəaliyyəti gücləndirildi, qanunçuluğun təmin olunmasına diqqət artırıldı və ölkədə milli həmrəylik mühitinin formalaşdırılması istiqamətində işlər görüldü. Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
15 İyun hadisələrinin əhəmiyyəti yalnız həmin dövrün problemlərinin həlli ilə məhdudlaşmır. Bu gün həm də xalqın dövlətçilik ənənələrinə bağlılığını və ölkənin taleyi üçün məsuliyyət hissini nümayiş etdirir. Tarix göstərir ki, hər bir dövlətin mövcudluğu üçün birlik və sabitlik əsas amillərdən biridir. Azərbaycanın sonrakı illərdə qazandığı nailiyyətlərə baxdıqda bunun nə qədər doğru olduğunu görmək mümkündür.
Milli Qurtuluş Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün bizə öyrədir ki, müstəqillik asan əldə olunmur və onu qorumaq hər bir vətəndaşın borcudur. Azərbaycanın keçdiyi tarixi yol göstərir ki, dövlətçiliyin möhkəmlənməsi üçün xalqın birliyi və milli maraqların üstün tutulması vacibdir. Gənclər tariximizi öyrənərək keçmişdən nəticə çıxarmalı və ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Nəticə olaraq qeyd etmək olar ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən mühüm günlərdən biridir. Həmin gün qəbul edilən qərarlar ölkəmizin müstəqilliyinin qorunmasında və gələcək inkişafında həlledici rol oynamışdır. Bu səbəbdən də Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur duyduğu, dərin ehtiramla yad etdiyi əlamətdar tarixdir. Azərbaycanın bugünkü uğurlarına baxdıqda bir daha aydın olur ki, 15 İyun xalqımızın taleyində xüsusi yer tutan və gələcək nəsillər tərəfindən də daim xatırlanacaq mühüm bir gündür.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



