Milli Ordumuzun döyüş ruhu, yenilməzliyi 2ci Qarabağ müharibəsində özünü göstərdi

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz…”.
Ermənistan sülh danışıqlarından yayınmaqda, regionda status-kvonu saxlamağa çalışırdı. Onun niyyəti Azərbaycandan işğal etdiyi torpaqları ləğv edilmiş Dağlıq Qarabağ ərafında birləşdirmək, yeni bir dövlət yaratmaq idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirmişdi: “Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz”. Bu qətiyyətli, son dərəcədə ciddi bəyanatdan sonra işğalçı dövlət niyyətindən əl çəkmək əvəzinə, işğal etdiyi ərazilərdən də, dövlət sərhədlərindən də yeni torpaqlar işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. Hərbi bölmələrimiz 2020-ci il sentyabrın 27-də də düşmən hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi, mahiyyəti etibarilə Vətən müharibəsi kimi davam etdi.
İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri ordunun gücünü şərtləndirən amillərdən idi. Ordumuz Ali Baş Komandanın müraciətlərdə dediyi bəyanatları Zəfərlə tamamladı.
Biz də xatırlayırıq, dünya da xatırlayır ki, İkinci Qarabağ müharibəsinə kimi Ermənistan işğal etdiyi ərazilərdə yaratdığı “Ohanyan səddi”nin keçilməzliyi ilə qürrələnirdi. Ordumuz döyüşlərlə düşmənin illərlə yaratdığı bu sədləri dağıtdı, ilkin mövqe qələbələri qazandı. Bu qələbələr Azərbaycan əsgərini son döyüşə aparırdı. Ordumuz Şuşa uğrunda da belə qətiyyətlə, dünyanı heyrətləndirən hünərlə döyüşdü…
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib, izləri silmək üçün bütün tikililər dağıdılıb. Ermənilər unutdular ki, tarixi faktları, həqiqətləri silmək qeyri-mümkündür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim tarixin yaddaşına söykənərək ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soqırımı siyasəti həyata keçirdiklərini dünyaya çatdırır. Bu gün danışan, qalib olan yalanlar deyil, tarixi faktlardır. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı