Milli neft strategiyası çoxşaxəli inkifamızın qarantına çevrilib
Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub. İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin – keçid dövrünün əsası qoyuldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.Bu strategiya xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsi kimi üç əsas hissədən ibarət idi.
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi. Dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.
Azərbaycanda mövcud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdır. Bununla əlaqədar olaraq, Azərbaycanda Neft Fondu yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə yanaşı, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.
Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Son illər ərzində Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı