Milli həmrəyliyi yaşadan uğurlu “iqtidar-xalq” modeli
Tarixə nəzər salsaq, görərik ki, Yeni Azərbaycan Partiyası ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda – 1992-ci il noyabr ayının 21-də yaradıldı. Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünə sayılı günlər qalıb. YAP yarandıqdan çox qısa müddət sonra iqtidar partiyasına çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının təməl sütunu olan ideyanın – azərbaycançılıq məfkurəsinin banisi oldu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini və sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”Məlumdur ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədə müharibə gedirdi, idarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, dahi şəxsiyyət Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ulu Öndərdən kömək istəyirdilər. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli bir şəxsiyyətin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunur. Xalq nicat yolunu yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı, bütün sahələrin inkişafı istiqamətində çox ciddi addımlar atılmalı idi. Milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və böyük bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək yeganə şəxs isə təbii ki, ulu öndər Heydər Əliyev idi. Ona görə də, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. YAP-ın Naxçıvanda keçirilən təsis konfransında ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Partiya öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni, misilsiz bir keyfiyyət gətirdi.1993-cü il oktyabrın 3-də Azərbaycanda prezident seçkiləri keçirildi. Dahi şəxsiyyət Heydər Əliyev bu seçkilərdə xalqın böyük etimadını qazanaraq Prezident seçildi. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində qısa müddət ərzində ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolu bərpa edildi. Beləliklə, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu.Xalqın düzgün seçimi ilə Azərbaycan qüdrətli dövlətə çevrildi. Çünki YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və hazırda da bu inkişaf göz önündədir. Noyabrın 21-də artıq YAP-ın yaranma tarixindən 29 il ötür. Partiyanın 29-cu ildönümünü sürətlə inkişaf edən, dünyada öz sözünü deyən bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Son 18 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Bu gün YAP-ın sıraları getdikcə daha da genişlənir. Bu, dövlətimizin başçısına və partiyaya olan dərin inamdan və ehtramdan irəli gəlir. Bu gün xalqımız Vətən müharibəsində qazandığı Zəfərin birinci ildönümünün sevincini yaşayır. Bu sevinci bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı Qələbə tariximizə həkk olundu.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı