Məsuliyyəti artıran amil

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edərək, seçkilərdə uğur qazanmış bütün namizədləri təbrik edib və işində uğurlar arzulayıb. Cənab prezident növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi kimi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək olduğunu bildirib.
Keçirilən seçkilərdə səsvermənin şəffaflığı ilə bağlı göstərilən səylərin beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirildiyini, belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – fikrinə əsasən, seçkilərin tanınmasını bildirmişdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Öz çıxışında ölkədə aparılan islahatlara da toxunan ölkə başçısı bildirib ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahat sahəsində ən çox diqqət mərkəzində olan istiqamətlərdən biri də kadr islahatıdır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin labüd olduğu da qeyd etmişdir. Bildirilmişdir ki, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istənildiyini vurğulayan dövlət başçısı, yeni beşinci kolonun yaradılması istiqamətində iş aparıldığını da qeyd edir. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. İlham Əliyev deputatlara seçildikləri dairələrdə fəal olmağı və seçicilərlə daim təmasda olmağı məsləhət bilir. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur deyə vurğulayır. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.
Cənab prezident qeyd etdi ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Babayeva Ləman,
Xəzər rayonu, 292№li məktəbin direktor müavini



