AnalitikaGündəmSiyasət

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük  

26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevnin Xocalıya səfəri xüsusi tarixi və mənəvi məna daşıyırdı. Dövlət başçısının məhz faciənin ildönümündə Xocalıya gəlməsi, burada sakinlərlə görüşməsi, onların qayğı və düşüncələri ilə maraqlanması, həmçinin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etməsi milli yaddaşın dövlət səviyyəsində uca tutulduğunu bir daha nümayiş etdirdi. Bu səfər təkcə rəsmi mərasim deyil, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, şəhidlərin ruhuna göstərilən ehtiramın ifadəsi idi. Azad Xocalıda anım mərasiminin keçirilməsi isə artıq yeni reallığın göstəricisidir. Əgər bir zamanlar Xocalı işğal altında idi və soyqırımı qurbanlarının xatirəsi doğma torpaqda yad edilə bilmirdisə, bu gün Prezidentin həmin məkanda çıxış etməsi, Azərbaycan bayrağının dalğalandığı bir şəhərdə memorialın açılması tarixin dəyişdiyini və ədalətin bərqərar olduğunu təsdiqləyir.

Dövlət başçısı açılış zamanı çıxışında son dərəcə mühüm bir məqama toxunaraq bildirdi ki, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Bu fikir müasir Azərbaycan dövlətinin keçdiyi yolu və qazandığı tarixi nailiyyətləri ümumiləşdirən siyasi tezis kimi dəyərləndirilə bilər.

Prezidentin vurğuladığı digər mühüm məqam – müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunması məsələsidir. Bu, Qələbənin yalnız hərbi və siyasi deyil, həm də hüquqi müstəvidə möhkəmləndirilməsi deməkdir. Çünki əsl ədalət yalnız torpağın azad olunması ilə tamamlanmır; törədilmiş cinayətlər hüquqi qiymətini almalı, günahkarlar qanun qarşısında cavab verməlidir. Bu yanaşma Azərbaycan dövlətinin prinsipial və beynəlxalq hüquqa əsaslanan siyasətinin göstəricisidir. Çıxışında səsləndirilən digər mühüm fikir isə belə idi: “Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.” Bu ifadə sadəcə emosional bəyanat deyil, tarixi həqiqətin bədii və siyasi ifadəsidir. Xocalı faciəsi Azərbaycan xalqını sarsıtsa da, onu sındıra bilmədi. Əksinə, bu faciə xalqın birliyini daha da möhkəmləndirdi, milli kimliyi və vətənpərvərlik ruhunu gücləndirdi.

Memorial Kompleks bu gün həm hüznün, həm də qürurun məkanıdır. Burada daşlaşan yaddaş yalnız itkiləri xatırlatmır, eyni zamanda xalqın mübarizə əzmini nümayiş etdirir. İşğal dövründə dağıdılmış, viran qoyulmuş Xocalının bu gün yenidən qurulması, həyatın bərpası, insanların doğma yurdlarına qayıdışı bir daha göstərir ki, Azərbaycan xalqı əyilmir, sınmır və heç vaxt öz haqqından geri çəkilmir.

Bu gün Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin şəhəridir. Burada ucaldılan memorial həm keçmişi yad edir, həm də gələcəyə istiqamət göstərir. O, dünyaya mesaj verir ki, Azərbaycan xalqı ağır sınaqlardan keçsə də, öz ləyaqətini və milli qürurunu qoruyub saxlamışdır. Ədalətli müharibədə qazanılmış tam Qələbə, suverenliyin bərpası və cinayətkarların ədalət qarşısında cavab verməsi bu ruhun təntənəsidir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button