AnalitikaGündəmSiyasət

Məktəb mədəniyyəti, vahid yanaşma və məsuliyyətli təhsil mühiti

Məktəb yalnız bilik və bacarıqların mənimsənilməsi yeri deyil, həm də uşaqların həyata hazırlandığı, davranış mədəniyyətinin, məsuliyyət hissinin və qarşılıqlı hörmət prinsiplərinin formalaşdığı, şəxsiyyət kimi inkişaf etdiyi mühüm sosial institutdur. Bu baxımdan, ümumi təhsil müəssisələrində vahid yanaşmanın təmin edilməsi, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi və təhsil mühitinin müasir tələblərə uyğun təşkili xüsusi əhəmiyyət daşıyır.
Məktəb mühiti şagirdlərin yalnız akademik göstəricilərinə deyil, onların dünyagörüşünə, sosial münasibətlərinə və gələcək davranışlarına da təsir göstərir. Bu mühitdə formalaşan vərdişlər insanın sonrakı həyatında məsuliyyətli, intizamlı və cəmiyyət qarşısında öhdəliklərini dərk edən şəxs kimi yetişməsinə zəmin yaradır. Məhz buna görə də məktəbdə müəyyən edilmiş qaydalar, geyim mədəniyyəti və qarşılıqlı münasibət normaları təhsil prosesinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Təhsilalanlar üçün vahid məktəbli formasının, təhsilverənlər üçün isə işgüzar geyim üslubunun tətbiqi məktəblərdə nizam-intizamın, təşkilati bütövlüyün və peşəkar münasibətlərin gücləndirilməsinə yönəlmiş yanaşmanın mühüm elementlərindəndir. Burada əsas məqsəd yalnız xarici görünüşə dair tələblər müəyyənləşdirmək deyil, məktəbin özünəməxsus kimliyini, ümumi dəyərlərini və məsuliyyət mədəniyyətini möhkəmləndirməkdir.
Vahid məktəbli forması ilk növbədə şagirdlər arasında kollektivə aidlik hissini gücləndirir. Eyni məktəbin şagirdləri olduqlarını nümayiş etdirən uşaqlar məktəb mühitində ümumi qaydalara riayət etməyin, birgə fəaliyyət göstərməyin və başqalarının hüquqlarına hörmətlə yanaşmağın əhəmiyyətini daha dərindən dərk edirlər.
Məsələnin digər mühüm tərəfi sosial bərabərliklə bağlıdır. Müxtəlif ailələrdə böyüyən, fərqli sosial-iqtisadi imkanlara malik olan uşaqlar eyni məktəb mühitində təhsil alırlar. Geyim seçimində dəbə, markaya və qiymətə həddindən artıq önəm verilməsi bəzən şagirdlər arasında müqayisələrə, psixoloji təzyiqə və arzuolunmaz fərqləndirmələrə səbəb ola bilər. Vahid məktəbli forması isə bu fərqlərin görünən təsirini azaltmağa, uşaqların geyimlərinə görə deyil, biliklərinə, bacarıqlarına, davranışlarına və şəxsi keyfiyyətlərinə görə dəyərləndirilməsinə şərait yaradır.
Bu mənada, vahid forma tələbi sadəcə geyim məsələsi deyil, həm də sosial adaptasiya və bərabər imkanlar fəlsəfəsinin tərkib hissəsidir. Məktəbdə hər bir şagirdin özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsi, maddi imkanlardan irəli gələn fərqlərin onun özünəinamına və digər uşaqlarla münasibətlərinə mənfi təsir göstərməməsi vacibdir. Geyimə çəkilən xərclərin, dəbə uyğunluğun və paltarın tez-tez dəyişdirilməsi zərurətinin gündəlik müzakirə mövzusuna çevrilməsinin qarşısının alınması ailələr üçün də müəyyən rahatlıq yarada bilər.
Məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi də eyni dərəcədə vacibdir. Müəyyən edilmiş qaydalar yalnız kağız üzərində qalan tələblər olmamalı, gündəlik təhsil həyatında ardıcıl və ədalətli şəkildə tətbiq edilməlidir. Şagirdlər, müəllimlər və valideynlər məktəbin daxili qaydalarına riayət edilməsinin ümumi təhsil mühitinin keyfiyyətinə təsirini anlamalıdırlar. Çünki nizam-intizam yalnız nəzarət və məhdudiyyət demək deyil; o, həm də hüquqlara hörmət, öhdəliklərin yerinə yetirilməsi və birgəyaşayış mədəniyyətidir.
Hüquqi və institusional baxımdan vahid yanaşmanın təmin edilməsi dövlət ümumi təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması ilə də əlaqədardır. Təhsilverənlər üçün geyim tələblərinin ümumi çərçivəsinin müəyyənləşdirilməsi məktəblər arasında təşkilati yanaşma fərqlərinin azaldılmasına və peşəkar standartların qorunmasına xidmət edir. Bu cür tələblərin təhsil idarəçiliyi və məktəbdaxili qaydalar çərçivəsində həyata keçirilməsi onların məqsədini və tətbiq mexanizmini aydınlaşdırır. Dünyanın müxtəlif ölkələrində məktəb geyimi və təhsil müəssisələrinin daxili davranış qaydaları ilə bağlı fərqli modellər tətbiq olunur. Bir sıra ölkələrdə vahid məktəbli forması uzun illərdir təhsil mədəniyyətinin bir hissəsidir.
və ya şagirdlərin geyimi ilə deyil, ilk növbədə orada yaradılan təhsil mühiti, müəllimin peşəkarlığı, şagirdlərin əldə etdiyi nəticələr və insan münasibətlərinin keyfiyyəti ilə ölçülür. Vahid geyim tələbləri bu ümumi məqsədlərə xidmət etdikdə, nizam-intizam və təşkilati mədəniyyətin möhkəmləndirilməsinə real töhfə verir.
Bu gün təhsil qarşısında duran vəzifə yalnız savadlı deyil, eyni zamanda məsuliyyətli, intizamlı, sosial baxımdan fəal və cəmiyyətə fayda verən vətəndaşlar yetişdirməkdir. Belə bir hədəfə çatmaq üçün məktəbdə bilik, tərbiyə, davranış mədəniyyəti və qarşılıqlı hörmət bir-birini tamamlamalıdır. Vahid məktəbli forması, müəllimlərin işgüzar geyim üslubu və daxili nizam-intizam qaydalarına riayət də bu bütöv yanaşmanın mühüm elementləri kimi dəyərləndirilməlidir.

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button