
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Rusiya ilə Azərbaycan arasında müttəfiq münasibətlərin olduğunu vurğulayaraq gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsində əldə edilmiş razılaşmaların böyük rol oynayacağını qeyd edib. Bu yaxınlarda Rusiya Federasiyası Prezidentinin Azərbaycana baş tutmuş dövlət səfəri də ölkələrimiz arasındakı xoş münasibətlərin sübutudur.
Sonra Cənab İlham Əliyev MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmasını bildirərək bu qərarın həm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün əlamətdar və sevincli bir addım olduğunu söyləyib. 30 ilə yaxın düşmən tapdağı altında olan, tamamilə dağıdılan Laçın işğaldan azad olunduqdan sonra günbəgün gözəlləşir, bərpa olunur. Keçmiş məcburi köçkünlər böyük qürur və sevinc hissi ilə öz əzəli torpaqlarına geri qayıdırlar. Burada yeni və xoşbəxt həyat başlayıb.
Çıxışında Cənab Prezident Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında verdiyi töhfələrdən danışıb. Təqribən 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəhbəyə 700 min insan yollanıb. 350 min nəfər döyüş meydanlarında həlak olub. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Azərbaycan Sovet İttifaqının bir parçası olaraq qələbə üçün bütün qüvvəsi ilə çalışmışdır. Həmçinin Azərbaycanda 130 növdə silah,sursat,texnika, o cümlədən “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdu. Həmin dövrdə Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi. 440 min yaralı müalicə alırdı. Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də isə diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Bradenburq darvazası üzərinə sancdılar. Sonda Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin əməkdaşlığına Azərbaycanın böyük əhəmiyyət verdiyini vurğulayıb və bundan sonra da bu əməkdaşlığın inkişafı üçün öz töhfəsini verəcəyini deyib.
Elə həmin gün İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verərək Amerikanın Azərbaycana tətbiq etdiyi sanksiyalara öz haqlı narazılığını ifadə etmiş, bu sanksiyaların qeyri-qanuni və tamamilə əsassız olduğunu dilə gətirmiş, Azərbaycan dövlətinin istənilən sanksiyaya qarşı olduğunu bildirmişdir. Bu çərçivədə 1992-ci ildə işğala məruz qalan Azərbaycana qarşı “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittiham irəli sürülməsi nə qədər gülünc səslənsə də, ABŞ hər zaman olduğu kimi məsələyə ikili standartlardan yanaşmış və bu sanksiyaları tətbiq etmişdir. Bu məsələdə bəynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir.
Cəfərova Ülviyyə,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi