AnalitikaGündəm

MDB-nin mədəniyyət paytaxtı olan azad Laçınımız

Regional dövlətlərarası təşkilat olan Müstəqil Dövlətlər Birliyi (MDB) ilə Azərbaycan qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xüsusi diqqət ayıraraq, millətlərarası həmrəyliyə, etimada, mövcud münasibətlərin inkişafına və gücləndirilməsinə diqqət yetirir. Artıq özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyən MDB-yə daxil olan dövlətlər regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə veriblər. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində milli maraqlarını əsas tutaraq bu prinsip əsasında münasibətlərinin təməlini daha da möhkəmləndirir ki, bu da gələcək inkişaf üçün mühüm perspektivlər vəd edir.

Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir. Oktyabrın 8-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı da münasibətlərin davamlığının təzahürüdür. Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi əlbəttə ki, ölkəmizə olan münasibətin göstəricilərindəndir. Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyatmış oldu. Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”, – deyən Azərbaycan Prezidenti bildirib ki, Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb: “Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır.

Məlumdur ki, 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində, işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.

44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan dərhal sonra Azərbaycan dövləti tərəfindən erməni qəsbkarlarının vəhşicəsinə dağıtdıqları bölgələrimiz sürətlə dirçəldilir. Laçında ilkin olaraq 7-8 ay ərzində 700 binanın inşa edilməsi Azərbaycanın iqtisadi gücü nəticəsində ərsəyə gəldi. Laçın, qısa bir zamanda şəhərin Baş planına əsasən, “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azad Laçına səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.

Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçına həyat yenidən qayıdır. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri uğurla həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Dövlət başçısının göstərişi əsasında doğma ocaqlarına köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Görülən işlərə əsaslanıb deyə bilərik ki, genişmiqyaslı quruculuq işləri keyfiyyətlə aparılır. Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər dövlət başçısı İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, verilən vəd ilə əməlin üst-üstə düşməsinin məntiqi nəticəsidir. Bu gün aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,
“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button