
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etdi. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verildi. Ölkə başçısı Rusiya Prezidentini və digər üzvləri salamladı. Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini dilə gətirdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Cənab İlham Əliyev bildirdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. O həmçinin öz çıxışında bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə-COP29 iqlim konfransına ev sahibliyi edəcəyini, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdiyimizi də söylədi.
Ölkə başçısı qeyd etdi ki, MDB dövlət başçılarının İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir.
Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.
Prezident İlham Əliyev 9 May ümumi Qələbəmizin MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili olduğunu, Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini bildirdi. O, dinləyənlərə təşəkkürünü bildirərək nitqini yekunlaşdırdı.
Əlisoy Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi