Mart Soyqırımı XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
Şərqdə təsir dairəsini genişləndirmək , regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən Çar Rusiyası hələ 17 -ci əsrin sonu və 18 – ci əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Beləliklə , Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917- ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etmişlər. Bakı Kommunası əks – inqilabi elementlərlə mübarizə şüarı altında 1918 – ci ilin martında bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planının reallaşdırılmasına başlamışdır.
Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ , Zəngəzur , Naxçıvan , Lənkəran və digər ərazilərdə həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi şəkildə dinc əhali qırılmış , kəndlər yandırılmış və milli mədəniyyət abidələrimiz məhv edilmişdir.1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
1918 – ci il martın 31 – də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Bu soyqırımı əsl hüquqi – siyasi qiymətini isə Azərbaycanın dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80 – cı il dönümündə – 1998 – ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi – siyasi qiymət olmuşdur.
Azərbaycan dövləti bu tarixi gerçəklikləri , xalqımızın məruz qaldığı 31 Mart soyqırımını və etnik təmizləmənin dəhşətli miqyasını beynalxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş , mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun şəkildə öz əksini tapmışdır. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. Aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Aidə Əliyeva,
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil, maarifləndirmə, seçkilərlə iş üzrə məsləhətçisi