AnalitikaGündəmSiyasət

Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir

Azərbaycan ilə Macarıstan arasında mövcud olan əlaqələr tarixi, siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf göstərir. Bu münasibətlər qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq zaman keçdikcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə arasındakı münasibətlər təkcə ikitərəfli çərçivədə deyil, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqla müşayiət olunur.

Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuş və o zamandan bəri hər iki ölkənin yüksək səviyyəli nümayəndələri arasında intensiv görüşlər, qarşılıqlı səfərlər və əməkdaşlıq sənədlərinin imzalanması bu əlaqələrin əsasını təşkil etmişdir. Xüsusilə, Prezident İlham Əliyevin Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana rəsmi səfərləri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

2023-cü ildə Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu sənəd ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə, enerji, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri genişləndirməyə imkan yaradır.

Azərbaycan və Macarıstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyən mövqelərə malikdirlər. Macarıstan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləmiş, xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hörmətlə yanaşmışdır.

Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr son illər ərzində daha da genişlənmişdir. Ticarət dövriyyəsinin artırılması, birgə sərmayə layihələrinin reallaşdırılması, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq bu əlaqələrin əsas istiqamətlərindəndir. Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet istiqamət kimi önə çıxır. Azərbaycanın zəngin enerji ehtiyatları və Macarıstanın enerji təhlükəsizliyi sahəsində maraqları iki ölkə arasında təbii əməkdaşlıq zəminini yaradır. Azərbaycan qazının Avropaya çatdırılmasında vacib rol oynayan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Macarıstanın da iştirak etməsi bu sahədə əməkdaşlığın perspektivlərini genişləndirir.
2023-cü ildə Macarıstan SOCAR ilə qaz təchizatı haqqında saziş imzalamış və bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu bir daha təsdiqləmişdir. Bu əməkdaşlıq təkcə enerji tədarükü ilə məhdudlaşmır, həm də enerji infrastrukturu, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar sahələrini əhatə edir.
Azərbaycan və Macarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq mövcuddur. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində Macarıstanın iştirakçısı olması Avropa ilə Asiya arasında yükdaşımaların effektivliyini artırmaq məqsədi daşıyır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu dəhliz Macarıstan üçün yeni iqtisadi imkanlar yaradır.

Macarıstan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzvdür. Bu platformada da Azərbaycan–Macarıstan əməkdaşlığı uğurla davam etdirilir və Macarıstanın türk dünyasına marağı bu münasibətlərin yeni istiqamətlərdə inkişafına şərait yaradır.

Azərbaycan–Macarıstan əlaqələri dostluq, qarşılıqlı hörmət və strateji maraqlara əsaslanır. Son illərdə bu münasibətlər yalnız siyasi deyil, iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də genişlənmişdir. Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi iradə bu əlaqələrin daha da dərinləşəcəyinə əminlik yaradır. Azərbaycan və Macarıstan arasında münasibətlər regional sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevrilməkdədir.

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana səfəri etmişdir. Səfər çərçivəsində iki lider arasında məhdud tərkibdə və geniş tərkibdə görüşlər keçirilib, liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında bir çox məsələlərdən danışmış, Macarıstanın müstəqil siyasət apardığını qeyd edərək demişdir: “Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub.”

Daşqın Mikayılov

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button