Analitika

Laçına yeni nəfəs gəlib

Bildiyimiz kimi mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, yeni evlərin açarlarını onlara təqdim edib. Müstəqillik Günü nünasibətilə laçınlıları və Azərbaycan xalqını təbrik edən ölkə başçısı bu günün ikiqat bayram olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşün məhz 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası var. Müstəqil Azərbaycan dövləti artıq dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, və biz istənilən nəticəni əldə etməyə qadir bir Respublikayıq. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və laçınlıların sərəncamına verilib. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə burada yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb . İlin sonuna qədər isə daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq Laçında indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Aparılan abadlıq quruculuq işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcəkdir. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər–hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, o torpaqların sahibləri qurmaq ,yaratmaq üçün gəlib.

Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupu Ağalı kəndinə, Talış kəndinə yerləşdirilib və üçüncü yaşayış yeri, Laçın şəhəri olub. Bundan əlavə, Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmiş Zabux və Sus kəndlərində də fəal iş aparılır. Yaxın zamanda ora da köçlərin başlayacağı gözlənilir.

Laçın rayonunun işğal altına düşməsi hamı üçün böyük faciə idi, ilk növbədə, laçınlılar üçün. May ayında burada keçirilən görüş tarixlərinin rəmzi mənası var. May ayında Laçın işğal altına düşmüşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma onlar qayıtdılar.

İndi isə qurub-yaratmaq vaxtıdır deyə çıxışına davam edən cənab Prezident bildirmişdir ki, bugünkü Laçın şəhərinin siması, – bu, sadəcə olaraq, birinci mərhələdir və bu onu göstərir ki, bu torpaq bizimdir, biz qurub-yaradan xalqıq. Bu, həmişə bizim torpağımız olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.

Görüş zamanı o da qeyd edildi ki, Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın mövqeyi ilə tamamilə razılaşıblar. Bu müxtəlif görüşlər əsnasında artıq görünür.

Güclü ordumuzdan söz açan Ali Baş Komandan bu ordunun düşməni 44 gün ərzində darmadağın etdiyini, onları diz çökdürüb və torpaqlarımızdan qovduğunu qeyd etdi. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində bax, bu gün Qarabağ torpaqlarında həyat canlanır.

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Yəni bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar.

Sonda dövlətimizin başçısı Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etdi. Sakinlər dövlətimizin başçısına minnətdarlıq etdilər.

Əhmədova Şükufə,
Xəzər rayonu, 125 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button