
Cəbrayıl Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, Qarabağın tarixi, mədəni və təbii zənginliyini özündə birləşdirən bölgələrdəndir. Bu torpaq uzun illər ərzində Azərbaycan xalqının ağır sınaqları ilə üzləşib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti Cəbrayıl rayonunun da taleyinə ciddi təsir göstərdi. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə rayon sakinləri doğma yurdlarından məcburi şəkildə uzaq düşdülər.
İşğal ərəfəsində Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Rayonun yaşayış məntəqələri, sosial obyektləri, tarixi-mədəni irsi və təsərrüfat infrastrukturu müharibənin ağır nəticələri ilə üzləşdi. Minlərlə insan öz evini, həyətini, məktəbini, kəndini və doğma şəhərini tərk etməyə məcbur oldu. Cəbrayıl adı uzun illər məcburi köçkün həyatı yaşayan insanların yaddaşında həsrət və qayıdış arzusu ilə yaşadı.
İllər keçdikcə Cəbrayılın azad edilməsi Azərbaycanın dövlət siyasətində əsas məsələlərdən biri kimi diqqətdə saxlanıldı. Ölkənin hərbi potensialının gücləndirilməsi, ordunun müasir standartlara uyğunlaşdırılması və dövlətin iqtisadi imkanlarının genişləndirilməsi qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsi üçün mühüm zəmin yaratdı. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını beynəlxalq hüququn prinsiplərinə əsaslanan haqq kimi daim gündəmdə saxladı.
2020-ci ildə başlanan Vətən müharibəsi Cəbrayılın tarixində yeni mərhələ açdı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində rayonun kəndləri və şəhəri bir-birinin ardınca azad edildi. Cəbrayıl şəhərinin azad olunması Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan hadisələrdən birinə çevrildi. Uzun illər doğma şəhərinin yolunu gözləyən insanlar üçün bu xəbər böyük sevinc və qürur mənbəyi oldu.
Cəbrayılın azadlığı yalnız hərbi uğur kimi deyil, doğma torpaqlara qayıdışın başlanğıcı kimi də mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması Cəbrayılın gələcək simasını da dəyişir. Yeni yolların çəkilməsi, enerji və digər infrastruktur layihələrinin reallaşdırılması, yaşayış məntəqələrinin yenidən qurulması bu ərazilərin həyata qaytarılmasına xidmət edir.
Cəbrayıl şəhərinin yenidən qurulması xüsusi konsepsiya əsasında həyata keçirilir. Müasir şəhərsalma prinsipləri ilə yanaşı, bölgənin tarixi və təbii xüsusiyyətlərinin qorunmasına da diqqət yetirilir. Məqsəd yalnız dağıdılmış binaların yerində yenilərini inşa etmək deyil, insanların rahat yaşayacağı, işləyəcəyi və gələcəyini quracağı müasir bir şəhər formalaşdırmaqdır.
Cəbrayılın dirçəlişində iqtisadi layihələrin də xüsusi rolu var. Bölgənin nəqliyyat imkanları, kənd təsərrüfatı potensialı, enerji infrastrukturu və sahibkarlıq üçün yaradılan şərait gələcək inkişaf üçün geniş imkanlar yaradır. Azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası Cəbrayılın da yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradır.
4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması şəhərin tarixində baş vermiş mühüm dönüşün dövlət səviyyəsində yaşadılmasına xidmət edir. Bu tarix həm keçmişin xatırlanması, həm şəhidlərin əziz xatirəsinin yad edilməsi, həm də Cəbrayılın qarşıdakı inkişaf yoluna diqqətin yönəldilməsi baxımından əhəmiyyətlidir.
Cəbrayılın tarixində işğal dövrü ağır izlər buraxsa da, bu gün şəhərin adı artıq yalnız itki və həsrətlə deyil, azadlıq, quruculuq və qayıdış anlayışları ilə yanaşı çəkilir. Doğma yurda dönüş arzusu illərlə insanların qəlbində yaşadı və bu arzu Azərbaycanın dövlət iradəsi və Ordunun gücü ilə gerçəkliyə çevrildi.
Bu gün Cəbrayılın simasında keçmişlə gələcək bir araya gəlir. Şəhərin küçələri, kəndləri və yaşayış məntəqələri yenidən canlanır. Vaxtilə doğma yurdlarından ayrı düşmüş insanların Cəbrayıla qayıdışı həmin torpaqlarda həyatın bərpasının ən mühüm göstəricilərindəndir. Cəbrayılın yeni inkişaf mərhələsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma siyasətinin mühüm hissəsini təşkil edir.
Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatı fəalı



