Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın şəhərinin yerini Tağı Şahbazi Simurq seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi 1883 kv. km., əhalisi 65430 nəfər olmuşdur. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir.
Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi ərazilərimizə Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Laçın həm də böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək. Bunu təkcə yerli yox, həm də xarici ekspertlər etiraf edir.
2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 28 illik işğaldan azad olunub və bununla bütün laçınlıların həsrətinə son qoyuldu. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ordusu Ermənistan qoşunlarını və burada qanunsuz məskunlaşan erməniləri bu rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsini başa çatdırdı.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı