Analitika

Kəlbəcər rayonunun enerji potensialı

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları, onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər, bir obsidian, bir listvenit yatağı var. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən “Levçay” yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma sahəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi ilə gələcəkdə “sarı metal”ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması Azərbaycan üçün müsbət tendensiya olacaq. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir. Son illərdə dünya ölkələrinin hökumətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırır. Qeyri-neft sektorunda 3 lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaq.

Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və sair gölləri var. Zirvələri Gamış dağı və Dəlidağdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən çox insan müalicə olunur, eyni zamanda, istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi buraya olan turist marağının sayını artıracaq. Enerji ehtiyatları ilə zəngin bölgələrimizdən biri olan Kəlbəcər işğaldan azad edilməklə faydalı enerji ehtiyatları ilə Respublikamızın iqtisadi inkişafında yeni bir səhifə açacaqdır!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button