AnalitikaGündəmSiyasət

Kəlbəcər rayonu yenidən qurulur

“Sirr deyil ki, AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar tərəfindən isə onun icrası tələb olunmadı. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Yalnız Kəlbəcərin işğalından 27 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayon işğaldan azad edildi”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 25 noyabr tarixi Kəlbəcərin işğaldan azad olunduğu gündür: “25 noyabr eyni zamanda 1993-cü ildə gülərək Kəlbəcəri tərk etmək üçün azərbaycanlılara 10 saat vaxt verən beynəlxalq terrorçu, ASALA təşkilatının üzvü, ASALA İnqilab Hərəkatının rəhbəri olmuş, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov tərəfindən məhv edilmiş Monte Melkonyanın da ad günüdür. Bəlkə də bu bir təsadüfdür. Amma 25 noyabr Kəlbəcərin azad olunması günü onu işğal etmiş bütün melkonyan kimilərə bir tarixi-siyasi dərs oldu. Bundan sonra ermənilər hər il noyabrın 25-də Melkonyana ad günü keçirəndə Kəlbəcərin azad olunması gününün silləsinin təsirini hiss etmiş olacaqlar”.

Ramil Vəlibəyov vurğulayıb ki, 2020-ci il Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi: “Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində bir qüllə atılmadan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Prezidentinin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Həmçinin, şanlı zəfərin təcəssümü olaraq 25 noyabr tarixi Prezident İlham Əliyevin Sərəncamına əsasən Kəlbəcər şəhəri günü elan edildi”.

Ramil Vəlibəyov qeyd edib ki, bu gün Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır, yenidən qurulur, bərpa edilir: “Hazırda Kəlbəcər rayonunda bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlər görülür. Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi layihələndirilib, həmçinin Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb, Zallar kəndində 487, Zar kəndində isə ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Eləcə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb. Heç şübhəsiz ki, bütün bu işlərin görülməsi Azərbaycan dövlətinin qüdrətini, qətiyyətini və iradəsini nümayiş etdirir”

Oxşar Xəbərlər

Back to top button