AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcər – qədim yurdun yeni inkişaf mərhələsi

Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin təbiəti və tarixi-mədəni irsi ilə seçilən diyarıdır. Bu torpağın hər qarışı xalqımızın keçmişini, milli yaddaşını və doğma yurda bağlılığını özündə yaşadır. Uca dağları, saf bulaqları, meşələri və tarixi abidələri Kəlbəcərə xüsusi gözəllik və əhəmiyyət qazandırır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır sınaqlarla üzləşdi. Rayon sakinləri doğma evlərindən didərgin düşdü, yaşayış məntəqələri dağıntılara məruz qaldı, bölgənin sosial-iqtisadi inkişafı dayandı. Lakin kəlbəcərlilərin öz yurdlarına qayıtmaq arzusu heç vaxt sönmədi.

2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Kəlbəcərin azadlığına yol açdı. Noyabrın 25-də rayonun Azərbaycana qaytarılması xalqımızın yaddaşında mühüm hadisə kimi yer aldı. Bu, dövlətimizin qətiyyətinin, Ordumuzun qüdrətinin və milli birliyimizin təntənəsi idi.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış kompleksləri, yollar, enerji və kommunikasiya infrastrukturu, sosial obyektlər bölgənin gələcək inkişafına xidmət edir. Eyni zamanda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı burada həyatın yenidən canlanmasına şərait yaradır.

Kəlbəcər artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu diyarın gələcəyi müasir şəhərsalma, iqtisadi imkanların genişləndirilməsi, təbiətin qorunması və milli-mənəvi dəyərlərin yaşadılması üzərində qurulur. Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi qürurunu, azadlıq sevincini və gələcəyə inamını ifadə edir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button